
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya” adlı icmalında Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv oluna biləcəyini vurğulayıb.
Bu barədə “Qaynar”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bankların mövcud vəziyyətindən danışıb:
“Azərbaycanın bütün banklarında problem var. Sadəcə bəzilərində problem həddindən artıq, digərlərində isə hələ ki,idarə olunacaq səviyyədədir. Bunun əsas səbəbləri problemli kreditlərin həcminin artıq olmasıdır. Elə banklar var ki, onlarda kredit portfelinin yarısını, hətta yarısından çoxunu problemli kreditlər təşkil edir. Belə olduğu təqdirdə təbii ki, banklar yenidən kreditləşməyə başlayacaq. Bu da ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir. Banklarda faiz dərəcələri yüksək olduğundan, iqtisadi aktivlik aşağı düşdüyündən nə iş adamlarında, nə də fiziki şəxslərdə kredit götürməyə maraq qalmayıb. Bu da bankların işini daha da çətinləşdirir”.
Ekspert kritik həddə olan və bağlanma təhlükəsi olan bankların sayını da bildirib:
“Kapitallaşma səviyyəsi kiçik olan bankların hamısı kritik həddədir. Yaxın zamanlarda 10-15 bankın yenidən birləşdirilməsi və ya həmin bankların lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın verilməsi gözləniləndir”.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.



