“Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”
Təhsil Nazirliyi sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.
İstiPress-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas diqqət ona yönəldilir ki, tədris ili 1 sentyabrda başlansın 25 mayda bitsin.
İki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etdi. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər.
Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik .
P.S. Biz hələ 12 illik təhsilə də keçməliyik”.



