Mən 3 il Azərbaycan Premyer Liqasında oynamışam. “Qarabağ” da daxil olmaqla, bütün komandalarınızı yaxşı tanıyıram.
Bunu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Gürcüstanın “Samtredia” klubunun müdafiəçisi Laşa Kasradzenin APA-ya müsahibəsində deyib.
Mən 3 il Azərbaycan Premyer Liqasında oynamışam. “Qarabağ” da daxil olmaqla, bütün komandalarınızı yaxşı tanıyıram.
“Əbəs yerə bizi ağır matçların gözlədiyini demədim. “Qarabağ” güclü komandadı, yaxşı futbolçuları var. Rəqibin oyunçuları meydanda bir-birlərini yaxşı başa düşürlər. “Qarabağ”ın hücum xətti daha təhlükəlidi. Amma bu o demək deyil ki, “Samtredia” meydana təslim olmaq üçün çıxacaq. Bizim də şansımız var. Rəqibimizin adını bilən kimi, diqqətimizi “Qarabağ”la görüşə yönəltdik, onlara qarşı necə oynayacağımızı öz aramızda müzakirə etdik.
Rəqibin bütün oyunçuları güclüdü. Bu mənada, kimisə fərqləndirmək olmur. Xüsusilə, hücum xəttində yer alan futbolçular təhlükəlidi. Mən bu komandanı yaxşı tanıyıram. Çünki “Qarabağ”a qarşı bir neçə dəfə oynamışam.
“Qəbələ” ilə qarşılaşan vaxt mən komandada deyildim. Hazırkı “Samtredia” ilə əvvəlki arasında elə də fərq yoxdu, demək olar ki, eynidirlər. Hələ “Qarabağ”la oyuna vaxt var. Hazırlığımızı sırf bu görüş üçün quracağıq”, – Kasradze vurğulayıb.
Gürcüstanlı futbolçu yaxşı nəticə üçün Bakıya gələcəklərini bildirib:
“Hamı kimi, bizim üçün də ilk oyunun harada keçirilməsi önəm kəsb edir. Açığı, birinci qarşılaşmanın Gürcüstanda keçirilməsi ürəyimcə olardı. İstənilən halda, Bakıda yaxşı nəticəyə imza atmağa çalışacağıq. Onu da deyim ki, yenidən Azərbaycana gələcəyim üçün şadam. Bakını çox bəyənirəm”.




