“Mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə qəbulun müsabiqə ilə keçirilməsi, həmin vəzifələr üzrə təyinatın müsabiqə əsasında aparılması nəzərdə tutulub. Lakin dövlət orqanlarının rəhbərləri işin dayanmaması üçün kimisə müəyyən vaxt ərzində (əsasən 3 ay müddətinə) müqavilə ilə işə cəlb edə bilər. Amma bu şərtlə ki, həmin vəzifələrin tutulması üçün müsabiqə və ya ümümi (daxili) müsahibə elan edilməsi barədə qərar qəbul etsin və vəzifələr üzrə elan verilməsi üçün Mərkəzə təqdim etsin”.
Elchi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində deyib.
Məleykə Abbaszadə bildirib ki, həmin insanlar yenə də imtahandan keçməlidirlər ki, dövlət qulluğuna işə qəbul olunsunlar: “Ola bilər ki, hansısa rəhbər üçün işçisini belə müqavilə ilə işlətmək rahatdır. Amma işçi uzun müddətli müqavilə ilə işlədikdə, dövlət qulluğunda olmayanda çox şeyi itirir. Bu halda o, dövlət qulluqçusu statusuna malik olmur, dövlət qulluqçularına verilən bütün imtiyazlardan istifadə edə – ipoteka, sosial evlər ala bilməyəcək, təqaüdə dövlət qulluqçusu kimi çıxa bilməyəcək. Onların bu stajiı dövlət qulluğu stajı sayılmayacaq. Ona görə də hər bir şəxs özü maraqlı olmalıdır ki, dövlət qulluğuna qəbul üçün müsabiqədə iştirak etsin. Dövlət qulluğuna gələn hər bir şəxs bunu aydın başa düşməlidir”
Sədr qeyd edib ki, qanunvericilikdə bununla bağlı qadağa yoxdur: “Bir şərtlə ki, həmin vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. Bir məsələni də qeyd edim ki, müddətli müqavilə əsasında vəzifəyə təyinatdan sui-istifadə hallarına yol verilməməlidir. Müddətli müqavilə ilə təyinat yalnız xüsusi hallarda – həmin vəzifənin müsabiqəyə çıxarılmasına baxmayaraq, tutulması mümkün olmadığı və vəzifə üzrə qulluq funksiyalarının icrasına zərurət olduğu halda ola bilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq dövlət qullluğuna dair qanunvericiliyin icra vəziyyəti öyrəniləcək. Müddətli müqavilə əsasında vəzifəyə təyinatdan sui-istifadə halları müəyyən edildiyi halda bu, Mərkəz tərəfindən hazırlanacaq rüblük hesabata daxil ediləcək və Prezidentə təqdim olunacaq”.




