Uğursuzluğa səbəb tərəflərin bir-birinə inam və etimadının olmaması, habelə siyasi iradənin qeyri-kafiliyidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu ifadələr BMT-nin baş katibi Antoniu Quterreşin bu ilin iyul ayında qarant ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə uğursuzluğa düçar olan Kipr konfransı haqqında BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda yer alıb.
Qeyd edək ki, “Tarixi həll fürsəti qaçdı” adlı hesabat 12 səhifədən ibarətdir.
Antoniu Quterreş hesabatında qeyd edib ki, İsveçrənin Krans Montana şəhərində qarant ölkələrin xarici işlər nazirləri səviyyəsində Kipr konfransında strateji razılaşmaya yaxınlaşma baş verib. Lakin zəmanətlər və əsgərlər mövzusunda qarant ölkələrin xarici işlər nazirləri baş nazirlərini prosesə dəvət etməyin vacibliyini dilə gətiriblər.
Sənəddə bildirilir ki, Kiprin türk və rum lideri Mustafa Akınçı ilə Nikos Anastasiadis arasında 2,5 il əvvəl başlayan müzakirələr zamanı irəliləyiş müşahidə edilib. Lakin siyasi iradə çatışmamazlığı səbəbindən son mərhələyə çatılmayıb.
“Müzakirələrin davamı Kiprin türk və rum tərəfinin birgə qərarına bağlıdır.: “BMT Kipr probleminin həlli üçün dəstəyini göstərməyə hazırdır. Ancaq bu mövzuda ən böyük məsuliyyət və vəzifə adada mövccud olan tərəflərin iradəsinə bağlıdır. Əgər yenidən çağırışlar olarsa, biz işləri qaldığı yerdən davam etməyə hazırıq” – deyə, BMT baş katibinin hesabatında vurğulanır.



