Virtualaz.org saytı epress.am saytına istinadən xəbər verir ki, sentyabrın 11-də İrəvanın Nor Nork rayonunun polis şöbəsinin əməkdaşları hələ avqustun 30-da ölmüş Qarabağ veteranı Qarnik Xçeyanın ailəsinin kirayə yaşadığı mənzilə basqın ediblər. Bu zaman mənzildə təkcə Xçeyanın tələbə qızı olub.
Xəbərdə bildirilir ki, Xçeyan tanınmış səhra komandiri olub. Onun ölümü haqda xəbər KİV-lərdə, sosial şəbəkələrdə yayılıb, Vardenisdəki dəfn mərasiminə çoxlu adam qatılıb.
Buna baxmayaraq polis onun ölümündən xəbərsiz halda keçmiş səhra komandirini həbs etmək üçün evinə basqın edib.
Qarnik Xçeyan Qarabağ müharibəsinin veteranı, polkovnik Volodya Avetisyanın məhkəməsində onu və digər Qarabağ veteranlarını təhqir edən hakimi söyməkdə ittiham olunurdu. V.Avetisyan Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyalarına əl atdığı üçün həbs edilib.
Ermənistanın vətəndaş cəmiyyəti hərəkatı olan “Parlamentqabağı”nın bəyanatında deyilir ki, polisin bu alçaq hərəkəti onun qeyri-insani mahiyyətindən və eyni zamanda hakim rejimin nə dərəcədə yaramaz olmasından xəbər verir. Hərəkat Ermənistandakı “rejimi və onun nökərlərini” xəbərdar edir ki, veteranın ruhunu və ailə üzvlərini təhqir etdikləri üçün erməni “soyqırımı”nın 100 illiyinə qədər cavab verməli olacaqlar.




