
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verən ölüm hadisələri maraqlı şəxslər tərəfindən şişirdilir.
Elchi.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli deyib.
Komitə üzvü bildirib ki, cəzaçəkmə müəssisələrində baş verən ölüm hallarını bəzi şəxslər şişirtməklə cəmiyyətdə rezonans yaratmaq istəyirlər: “Adi həyatda da ölüm halları baş verir. Bu, təbii ölümdür və azadlıqda olduğu kimi cəzaçəkmə müəssisələrində də baş verir. Müxtəlif xəstəliklərdən, qocalıqdan və sair. Bunu şişirtmək doğru deyil. Penitensiar Xidmətdə baş verən ölüm hadisələri araşdırılır. Bəziləri Azərbaycanın cəzaçəkmə müəssisələrini 20 il əvvəlki müəssisə kimi tanıyır. Amma bu, belə deyil. Bütün cəzaçəkmə müəssisələrində hazırda normal şərait var. Bundan başqa, cəzaçəkmə müəssisələrindəki məhbuslar öz hüquqlarını kifayət qədər bilirlər”.



