Çox uzaq olmayan bir zamanda koreyalılar birləşərək bölünmüş xalqlar sırasından çıxmış olacaqlar.
Bu sözləri Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, KXDR bu gün bəşəriyyətin əsas problemidir:
“Şimali Koreyanın ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı təhdidləri artıq o dərəcəyə çatıb ki, bu ölkəyə az-çox müsbət münasibət bəsləyən Çin də qarşı cəbhəyə keçib. ABŞ-ın məsələ ilə bağlı mövqeyi isə kifayət qədər ciddidir. Çünki ABŞ Cənubi Koreya ilə birlikdə bu ölkədəki rejimin taleyini həll etmək və vahid Koreya dövləti yaratmaq niyyətindədir. Zənnimcə, Şimali Koreya sahillərinə güclü Amerika hərbi dəniz donanması nahaq yerə göndərilməyib. Üstəlik, Cənubi Koreya Yaponiya ilə birliklə bu rejimə qarşı birgə fəaliyyət proqramı hazırlayıb. Plan nüvə və ballistik raketlərin hazırlandığı mərkəzlərə sarsıdıcı zərbələr endirilməsi ilə bağlı geniş proqramı əhatə edir. Zənnimcə, bu zərbələr elə həddə olacaq ki, Şimali Koreyada idarəçilik nəzarətdən çıxacaq və bundan sonra rejimdən cana yığılmış xalq ayağa qalxacaq. Məsələnin təfsilatına çox varmadan, ən azından onu deyə bilərəm ki, rejimin devrilməsi gündəmdə duran bir nömrəli məsələdir. ABŞ, Yaponiya və Cənubi Koreya bu bölgədə təhlükəli bir insident yarada biləcək siyasi qüvvəni hakimiyyətdən uzaqlaşdıracaq. Bu, çox da uzaq olmayan bir zamanda mütləq baş verəcək. Hesab edirəm ki, koreyalılar birləşməklə bölünmüş xalqlar sırasından çıxmış olacaqlar və burada ikinci bir vairant nəzərdən keçirilmir”.
Qeyd edək ki, Şimali Koreyanın nüvə sınaqları ucbatından Koreya yarımadasında siutasiya gərginləşib. Artıq ABŞ yarımadaya “Karl Vinson” təyyarədaşıyan gəmisini və esminesini göndərib. Vaşinqton Şimali Koreya probleminin hərbi yolla həllini istisna etməyib.
Xarici kəşfiyyatın məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qabaqlayıcı zərbə endirməyə hazırdır.




