11 sentyabr hadisələrindən sonra MKİ- nin (Mərkəzi Kəşfiyyat İdarəsi) terrorda “şübhəli” bilinənlərə qarşı tətbiq etdiyi işgəncələr haqda hesabat dərc olunub.Avropa.info xəbər verir ki, hesabatın ictimaiyyətə açıqlanması Vaşinqtonu reaksiya verməyə məcbur edib. ABŞ-ın xarici səfliklərinin hamısında təhlükəsizlik tədbirləri artırılıb. Hesabatda MKİ -nin gizli istintaqlarına dair şok faktların üzə çıxdığı bildirilir.
Senatın Kəşfiyyat Komitəsinin sədri Demokrat Diana Feynşteynin sabah açıqlayacağı hesabatda Mərkəzi Kəşfiyyat İdarəsinin haqda daha əvvəl heç eşidilməmiş şok məlumatların açıqlanacağı iddiası var.
Hesabatı görən amerikalı rəsmilər MKİ-nin Avropa və Asiyadakı gizli həbsxanalarında terrorda “şübhəli” bilinən şəxslərə qarşı hansı işgəncələrin tətbiq edildiyi haqda məlumat veriblər. Bunların arasında məhbusu yuxusuz qoyma, kiçik məkanlarda həbsdə tutmaq, cinsi yolla alçaltma, “waterboarding” adı verilən suda boğmaq yolu ilə işgəncə metodları yer alır.
Gizli saxlanılan 6 min səhifəlik işdən hazırlanan 480 səhifəlik hesabat MKİ-nin işgəncə metodlarının nə qədər effektli olduğunun da cavabını istəyir. CBS-in yaydığı xəbərə görə, “hüquqi icazə” verilmiş deyilən işgəncə tətbiqetmələri ilə bağlı sənədləri Ağ Ev, Ədliyyə Nazirliyi, Konqresin bəzi nümayəndələri də imzalayıb. Hesabat bu sübutları da əks etdirir.
11 sentyabr hadisələrindən sonra MKİ və Corc Buş hakimiyyəti qapalı həbsxanalarda tətbiq olunan istintaq metodlarına görə kəskin tənqid edilmişdi. Bu metodlarla bağlı detallı məlumatlar ilk dəfə ictimaiyyətlə paylaşılacaq.
“İŞİD-ə propaqanda materialı verirsiz”
Hesabatın bu həftə çap olunmasına Respublikaçılar partiyası başda olmaqla, bir çox siyasi dairə qarşı çıxır. Nümayəndələr palatasının Kəşfiyyat Komitəsinin sədri Respublikaçı Mayk Rocers ABŞ telenkanallarına verdiyi müsahibədə bu hesabatın ölkə xaricində Amerikaya qarşı şiddət və ölüm hallarını arta biləcəyini iddia edib.
Hesabatın İŞİD kimi qruplaşmalara təbliğat materialı verəcəyini və dünya miqyasında amerikalıların həyatına təhlükə yarada biləcəyini deyən Rocers, hesabatın radikallar tərəfindən qətllərə fitva verilməsində istifadə olunacağı haqda xəbərdarlıq edib.
Rocers bu məsələdə Amerikanın xarici müttəfiqlərinin də narahat olduğunu bildirib. O, ABŞ kəşfiyyat orqanlarının xəbərdarlığı əsasında hesabatın oxunmasının təxirə salınmasını istəyib.
Corc Buşun ikinci prezidentliyi dövründə, 2006-2009-cu illərdə MKİ sədri olan Maykl Hayden CBS kanalına verdiyi müsahibədə hesabatın açıqlanmasının dünyanın başqa ölkələrində yaşayan amerikalıların və ABŞ bazalarının hədəf halına gələcəyi haqda xəbərdarlıq edib. Bundan olduqca narahatdırlar. Hayden digər ölkələrlə terrorla mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsi məsələsində də problemlər yarana biləcəyini deyib.
Hakimiyyətin baxışı necədir?
Obama hakimiyyətin hesabatın açıqlanmasını dəstəkləyir, ancaq hesabatın açıqlanması zamanının düzgün olub-olmaması haqda şübhələrin olduğu işarələri də verir.
ABŞ dövlət katibi Con Kerri cümə günü Senatın Kəşfiyyat Komitəsi sədri Feynşteynə zəng edərək, hesabatın açıqlanmasını “gözdən keçirməyə” çağırmışdı. Ancaq hakim dairələr hesabatın ictimaiyyətlə paylaşılmasını dəstəkləyirlər. Obama avqust ayəndan mətbuat açıqlamasında “Bəzi insanlara işgəncə verdik. Dəyərlərimizə qarşı gələn bəzi şeylər etdik” deyərək, MKİ-nin keçmişdə tətbiq etdiyi işgəncələri etiraf etmişdi.
Konqresin bir nümayəndəsi Assoşeyted Presə verdiyi açıqlamada, hesabatın aprel ayından bu yana müzakirə edildiyini, Obamanın buna razılıq verdiyini bildirib.



