Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasından sonra yüksəlib.
ABŞ-ın nüfuzlu müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96 faizdən artıq respondent bildirib ki, “Azərbaycan Prezidentinə inam” artıb və respondentlər dövlət başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər.
Eyni sayda respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu və Azərbaycanın hərbi cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirdiklərini bildirib.
“Arthur J. Finkelstein & Associates”in icraçı direktoru Corc Birnbaum bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması uğrunda mübarizədə öz prezidentlərini qətiyyətlə dəstəkləyirlər: “Bu, çox həssas məsələ olaraq qalır, Qərbdə bir çox müşahidəçilər və kütləvi informasiya vasitələri bunu başa düşmürlər. Azərbaycanlılar siyasi və iqtisadi sabitlik istəyirlər, onlar əmin-amanlıq, mühafizə altında olmaq istəyirlər və ən əsası odur ki, onlar ərazilərinin qaytarılmasını istəyirlər”.
C.Birnbaum qeyd edib ki, regionda hərbi əməliyyatların bərpası nəticəsində Azərbaycan xalqı arasında vətənpərvərlik səviyyəsi kəskin artıb: “Ailələri qarşısında dayanan ən mühüm problemlə müqayisədə bu ölkə qarşısında duran ən mühüm məsələ hansıdır” sualına cavabında xalqın bir nömrəli cavabı belədir – Dağlıq Qarabağ”.
Lakin maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqı Parlamentinin, ATƏT-in erməni silahlı bölmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran çoxsaylı qətnamələrinə və Avropa Şurası Parlament Assambleyasının bu yaxınlardakı qətnamələrinə baxmayaraq, azərbaycanlıların əksəriyyəti hesab edir ki, beynəlxalq birlik bu məsələdə Ermənistanı dəstəkləyir.
C.Birnbaum əlavə edib: “Aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma ATƏT-in Minsk qrupunun həmsədrlərinin artıq iki onillik ərzində heç bir irəliləyişə nail ola bilmədiklərini nəzərə alsaq, deyəsən, azərbaycanlılar beynəlxalq ictimaiyyətin bu böhranı həll etmək iradəsinə inamlarını itiriblər”.
Hesabata görə, respondentlərin dörddə biri hesab edir ki, davamlı sülh mümkün olacaq.
Sorğu 2016-ci il aprelin 23-29-da Azərbaycanda 1200 vətəndaş arasında keçirilib və yanlışlıq + / – 2,8% səviyyəsindədir.
– “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?”

– “Azərbaycanın prezidentinə etibar edirsinizmi?”

– “Prezident İlham Əliyevin işini necə qiymətləndirirsiniz?”

– “Ölkə rəhbərliyi ölkəni Ermənistan təcavüzkarlarından qoruyur”

– “Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?”

– “Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox yaxud daha az vətənpərvər etdi?”

– “Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?”

“Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?”

“Azərbaycanda sosial sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?”

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?”





