ABŞ-ın ticarət naziri Gina Raymondo dünyanın iki ən böyük iqtisadiyyatı arasında işgüzar əlaqələri gücləndirmək məqsədi daşıyan dörd günlük səfər üçün Pekinə gedib.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Raymondo cümə günü Çinə yola düşməzdən əvvəl jurnalistlərə deyib:
“Səfər və missiyaya bir şüar qoymaq istəyirsinizsə, etməli olduğumuz işi müdafiə etmək və bacardığımız yerdə irəliləmək olardı”.
ABŞ Çinin aparıcı yarımkeçiricilərə çıxışını əngəlləmək üçün müttəfiqləri ilə işlədiyi zaman, Pekin tanınmış “Micron Technology” şirkətinə çip tədarükünü məhdudlaşdırdığından və ABŞ firması “Mintz Group”-u icazəsiz statistik işlərə görə, 1,5 milyon dollar cərimələdiyi üçün ölkələr arasında münasibətlər gərginləşib.
Raymondo cümə axşamı səfəri barədə ABŞ prezidenti Co Baydenlə danışıb və sonuncunun mesajı Çinlə geniş dialoqun gərginliyi azalda biləcəyi ilə bağlı idi.
“Biz sabit ticarət əlaqələri qurmaq istəyirik və müntəzəm ünsiyyət bunun əsasını təşkil edir” deyən Raymondo bildirib ki, münaqişədən qaçmaq üçün ünsiyyət qurmalıyıq:
“Bizim Amerikaya sərmayə qoymağımız o demək deyil ki, biz özümüzü Çin iqtisadiyyatından ayırmaq istəyirik”.
Yeganə




