ABŞ hərbi sənaye kompleksi yalnız ABŞ hökumətinin yaxın vaxtlarda Ukraynaya yeni yardım paketi çərçivəsində yerləşdiriləcək sifarişləri hesabına 35 milyard dollara qədər vəsait əldə edəcək. Elchi.az xəbər verir ki, Bloomberg ABŞ müdafiə sənayesi üçün gələcək mənfəətləri açıqlayıb.
Sənədə əsasən, bu vəsait həm avadanlıqların birbaşa alınmasına, həm də istehsalın genişləndirilməsi və ya modernləşdirilməsinə sərmayə qoyuluşuna yönəldiləcək.
Yeni satınalmalar çərçivəsində ABŞ həmçinin artilleriya sistemlərinin, hava hücumundan müdafiə sursatlarının, əks-dron texnologiyalarının və kritik qanadlı raket komponentlərinin istehsalına 5,4 milyard dollar xərcləmək niyyətindədir.
Qeyd olunur ki, ABŞ Senatı Ukrayna, İsrailə yardım və cənub sərhədinin mühafizəsi ilə bağlı 118 milyard dollarlıq kompromis qanun layihəsini təqdim edib. Bu pulun 60 milyardı Ukraynaya, 14,1 milyardı İsrailə, 20,23 milyardı Meksika ilə sərhədin möhkəmləndirilməsinə, 2,44 milyardı Yəməndə husilərə qarşı əməliyyatların dəstəklənməsinə xərclənəcək. Həmçinin Qəzza zolağı, İordan çayının qərb sahili və Ukrayna sakinlərinə 10 milyard dollarlıq humanitar yardım göndərilməsi təklif edilir.
Havar Şəfiyeva






