
ABŞ Konqresinin Nümayəndələr Palatası İranla danışıqlarda əldə olunacaq hər hansı razılaşmanı təsdiq, yaxud rədd etmək haqqı verən qanun layihəsini rəsmi şəkildə qəbul edib.
Avropa.info xəbər verir ki, Senatın Xarici Əlaqələr Komitəsinin Respublikaçılar partiyasından olan üzvü Bob Korkerin təklif etdiyi qanun layihəsi keçən həftə Senatın baş məclisində qəbul edilmişdi. Bu gün isə Nümayəndələr Palatasında keçirilən səsvermə zamanı 400 səs əleyhinə 25 səs olmaqla qəbul olunub. Demokratlardan 6 nəfər, Respublikaçılardan 19 konqresmen qanun layihəsinin əleyhinə səs verib.
Konqeresin hər iki palatasından keçən layihə imzalanmaq üçün ABŞ prezidenti Barak Obamaya təqdim olunacaq.
Obama İranla nüvə danışıqları aparılan zaman Konqresin İranla qəbul edəcəyi hər hansı qərara qarşı olacağını bildirmişdi. Ancaq keçən ay hər iki partiyanın üzərində razılaşdığı qanunun yeni versiyasını qəbul edə biləcəyinin siqnalını vermişdi.
Qanun layihəsinin yeni forması İranın nüvə proqramı ilə bağlı imzalanacaq razılaşmaya Konqresdə baxılma müddətini 60 gündən 30 günə endirir. Bu müddət ərzində Obama özünün tətbiq etdiyi sanksiyaları ləğv edə biləcək, amma Konqres tərəfindən qəbul edilən sanksiyaları ləğv edə bilməyəcək.
Müqavilə Konqresə 9 iyuldan sonra təqdim olunarsa, baxılma müddəti 60 günədək artırılacaq.
Əvvəlki qanun layihəsində Obamanın narazılığına səbəb olan maddə isə çıxarılıb. Həmin maddəyə görə Obama 90 gündən bir ABŞ Konqresinə İranın terror əməliyyatların dəstək verib-verməməsi ilə bağlı hesabat göndərməli idi.
Konqresin hər iki palatası tərəfindən qəbul olunacaq qanun layihəsinin Obama tərəfindən imzalanacağı gözlənilir.



