ABŞ İsrailə bildirib ki, Qəzza zolağındakı hərbi əməliyyatı yeni il başlamazdan əvvəl başa çatdırılmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın dövlət katibi Antoni Blinken də İsrailə son səfəri zamanı həmsöhbətlərinə oxşar mesajı çatdırıb. Jurnal onu da yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyası İsraildən Fələstinli mülki əhalinin, xüsusən də Qəzza zolağının cənubundakı əzabların azaldılması üçün daha çox işlər görməsini tələb edir.
The Economist qeyd edir ki, Amerika rəsmiləri açıq bəyanatlarında yəhudi dövlətinin radikal HƏMAS hərəkatının mövqelərinə qarşı hücumunu tamamlaması üçün heç bir müddət göstərmirlər. Bununla belə, nəşr təklif edir ki, İsrailin əsas müttəfiqi israillilərin çox güvəndiyi hərbi yardımı azaltana qədər Qəzza zolağında uğur əldə etmək üçün cəmi bir neçə həftə qalıb. Bununla yanaşı, jurnal İsrail ordusunun uğur qazanma ehtimalını aşağı kimi qiymətləndirir.
Məqalədə qeyd edildiyi kimi, Birləşmiş Ştatlar gələn ilin əvvəlində Qəzza zolağının bombalanmasını dayandırmağı tələb edərsə, İsrail ordusu çox güman ki, daha az intensivliklə də olsa, hərbi kampaniyasını davam etdirəcək. Bu vəziyyətdə, “The Economist” təklif edir ki, HƏMAS Qəzza zolağının bir hissəsinə nəzarəti davam etdirəcək, İsrail isə əsas məqsədinə – 7 oktyabr hücumunun təşkilatçılarını məhv etməyə nail olmayacaq.
Nuranə Məmmədova





