
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ən azı 2013-cü ilin avqustunadək Almaniya və digər Avropa dövlətləri üzərində kəşfiyyat aparırmış.
Avropa.info xəbər verir ki, bu haqda Almaniya federal kəşfiyyatının məxfi hesabatına istinadən ZDF kanalı məlumat yayıb.
ABŞ-ın şpionaj siyasətini əks etdirən sənəddə 2013-cü ilin 26 avqust tarixi qeyd olunub.
Amerikanın izlədiyi obyektlər arasında Avropanın nüfuzlu siyasətçiləri, AB dövlət başçıları, alman şirkətləri olub.
Hesabatda deyilir ki, amerikalıların şpionaj siyasəti Almaniyanın milli maraqlarına ciddi ziyan vurub.
ABŞ-ın Avropa ölkələrini izləməsi ilə bağlı ilk qalamaqal “Spiegel” jurnalının Edvard Snoudenin şok açıqlamalarını dərc etməsindən sonra baş vermişdi.



