“NATO-nun bombardmançı təyyarələri Azərbaycanda yanacaq doldurur və Ukraynadakı separatçıları
bombalayırlar”.
Virtualaz.org saytı xəbər verir ki, bu sensasion bəyanatla bu gün ABŞ, Moldova və Rusiyanın bir sıra kütləvi informasiya vasitələri çıxış ediblər.
Moldovanın actualitati.md nəşri xəbər verir ki, “Şərqi Ukraynada mülki obyektlərə hücum edən qırıcı-bombardmançı təyyarələr Ukrayna Hərbi-Hava Qüvvələrinin tanınma nişanları altında uçurlar. Bu təyyarələrin Azərbaycan, Rumıniya və Moldovadakı aviabazalara qədər uçuşları izlənərək qeydə alınıb. Onlara bu aviabazalarda texniki xidmət göstərilir, silah ehtiyatları yüklənir. Mümkündür ki, həmin təyyarələrin bəzilərinin pilotları polyaklar, hətta israillilərdir”.
“Təyyarənin təyin edilməsi” adlı online veb-proqramı ilə işləyən kanadalı jurnalist Ceffri Uest Ukraynanın hava məkanı üzərində “paketlərlə” uçan bir qrup döyüş maşınını aşkarlayıb. Kanadalı jurnalist onu da müəyyən edib ki, həmin təyyarələr NATO bazalarından və digər obyektlərdən havaya qalxırlar.
“Mənim cümə axşamı günü izləmə saytı vasitəsilə aşkar elədiklərim Ukrayna-Qara dəniz bölgəsində müəyyən edilən reyslərə aiddir. Dostum Buxarestdə yerə enən təyayrəni müşahidə edib. Mən özüm isə Moldovada yerə enən təyyarəni qeydə ala bildim” – deyə C.Uest bildirir.

Digər təyyarələr Azərbaycandakı köhnə, artıq istifadə olunmayan aerodromlara enib-qalxan zaman qeydə alınıb. Bu aviabazalar haqda hələ 2012-ci ildə məlumat yayılmışdı. İsrail İrana hücum edəcəyi təqdirdə Azərbaycanın bu obyektlərindən istifadə etməyi planlaşdırırdı. Bu da Rusiya radiolokasiya sistemləri tərəfindən aşkarlanmaqdan yayınmaq cəhdləri ilə bağlıdır.
Adıçəkilən nəşr onu da bildirir ki, Azərbaycanda ABŞ silahları ehtiyatı var. Bu silah ehtiyatı 2010-cu ilin iyun ayında ABŞ-ın “Qreyfer” hərbi gəmisi ilə Gürcüstanın Poti limanına gətirilib və Gürcüstandakı mənbələrin verdiyi məlumata görə, yük maşınları ilə Azərbaycandakı bazalara daşınıb.



