“ABŞ hakimiyyəti Ukraynanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə gizli hücum planlarından hücumdan üç ay əvvəl xəbər tutub. Məlumatı Avropa ölkələrindən birinin kəşfiyyat xidməti əldə edib və ötən ilin iyununda Mərkəzi Kəşfiyyat İdarəsinə ötürüb”.
Elchi.az-ın Smotrim.ru-ya istinadən xəbərinə görə, bu barədə “The Washington Post” qəzetində yazılıb.
Nəşr qeyd edir ki, avropalı kəşfiyyatçıların məlumatları “Discord” sosial şəbəkəsində, ehtimal ki, keçmiş amerikalı əsgər Cek Teyşeyra tərəfindən yerləşdirilib:
“İnternetə sızan sənədlərə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ordusunun sualtı şəbəkəyə gizli hücum planlaşdırdığını öyrənib. Bu, kiçik bir dalğıc qrupu tərəfindən həyata keçirilməli idi və onlar birbaşa Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnıya hesabat veriblər. Ukrayna prezidenti Volodimir Zelenskinin əməliyyatdan xəbəri yox idi. Bu, ona Kiyevin “Şimal axını”na hücumda iştirakını inkar etmək imkanı verdi”,-deyə qəzet qeyd edir.
Qeyd edək ki, Rusiya qaz kəmərləri 2022-ci il sentyabrın 26-da partladılıb. İstintaqı Almaniya, İsveç və Danimarka rəsmiləri başlayıb. Rusiya Federasiyasının Baş Prokurorluğu da beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Amerikalı jurnalist, “Pulitzer” mükafatı laureatı Seymur Herş öz araşdırmasını aparıb. Onun bu il fevralın 8-də dərc olunmuş araşdırmasına əsasən, Norveç mütəxəssislərinin dəstəyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən Rusiya qaz kəmərlərinin altına partlayıcı qurğular yerləşdirilib. Bu, ötən ilin iyununda Baltik dənizində “Baltops” hərbi təlimləri zamanı baş verib. Herşin sözlərinə görə, Bayden milli təhlükəsizlik müşavirləri ilə doqquz aylıq müzakirələrdən sonra əməliyyatı davam etdirmək qərarına gəlib. Jurnalist terror aktında Andromeda yaxtasından olan ukraynalı dalğıcların iştirakı ilə bağlı versiyanı qeyri-mümkün hesab edir. O, Rusiya tərəfinin bunda guya iştirak etməsi versiyasını da tam cəfəngiyyat adlandırıb.
Yeganə





