
“PKK-nın terror hücumlarına qarşı NATO-dakı müttəfiqimiz Türkiyənin özünümüdafiə haqqına sayğı duyuruq”.
Bu sözlər ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Alistar Baskeyin iyulun 25-da yayılan yazılı açıqlamasındandır.
Sənəddə Türkiyənin PKK terror təşkilatına qarşı hücumları təqdir edilir və Türkiyənin hərəkətləri regionun təhlükəsizliyi baxımından, yüksək qiymətləndirilir: “ABŞ-ın terror təşkilatları siyahısında olan PKK terroru dayandıraraq, Türkiyə hökuməti ilə dialoqa başlamalıdır”.
A.Baskey bildirir ki, bütün hallarda dialoq bölgəni böhrandan çıxarmaq üçün daha optimal yoldur: “Gərginliyin azalması, iki tərəfin də davamlı və uzunmüddətli barış əldə etməsi üçün çözüm sürəci davam etdirilməlidir. Zorakılıq uzunmüddətli təhlükləsizlik və sabitlik baxımından Türkiyə vətəndaşlarının xeyrinə deyildir”.
Yada salaq ki, Türkiyə Silahlı Qüvvələri iyulun 24-də və 25-də Şimali İraqda PKK və Suriyada İŞİD terror təşkilatlarına qarşı həm havadan, həm də qurudan əməliyyat keçirib. İyulun 25-də gecə saatlarından başlayan əməliyyat günortaya qədər davam edib. Şimali İraqdakı PKK qüvvələrinə qarşı Diyarbəkirdəki hərbi hava bazasından, İncirlikdən, Batman hərbi hava bazasından 50 ədəd F-16, Malatya hərbi hava bazasından 25 ədəd F4-2020 savaş uçağı havaya qaldırılıb.
Türkiyə mediası yazıb ki, PKK çox sayda itki verib və bu terrorçu təşkilatın liderlərindən biri öldürülüb. Bu əməliyyatın ardınca Quru Qoşunlarına aid 40 km mənzilli 155 mm-lik toplarla İŞİD-ın nəzarətində olan ərazilər hədəfə alınıb. Eyni zamanda Türkiyə-İraq sərhədindəki toplarla PKK düşərgələri bombalanıb.



