Birləşmiş Ştatlar əmindir ki, G7 ölkələri tərəfindən tətbiq edilən Rusiya neftinin qiymətinin yuxarı həddi Rusiya büdcəsinin gəlirlərinin azalmasına kömək edir.
Elchi.az xəbər verir ki, Reuters bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmisinə istinadən yazır.
Dövlət katibinin iqtisadi siyasət üzrə köməkçisi vəzifəsini icra edən Erik Van Nostrand neft qiymətlərinin məhdudlaşdırılmasını çoxtərəfli anti-Rusiya sanksiyalarının uğurlu hissəsi adlandırıb. O, həmçinin bildirib ki, ABŞ tərəfdaşları ilə birlikdə onlardan hər hansı yayınmaların qarşısını almaq üçün işləməyə davam edir.
ABŞ Xəzinədarlığının nümayəndəsi xatırladıb ki, Rusiya agentliyinin məlumatına görə, 2023-cü ilin birinci yarısında federal büdcənin neft gəlirləri əvvəlki illə müqayisədə təxminən 50 faiz az olub və Rusiya nefti Brent-ə “əhəmiyyətli endirimlə” alınıb. Van Nostrand, 2023-cü ilin ikinci yarısında dəyər artımı gözləntilərinə baxmayaraq, bir Rus Uralının orta qiymətinin 60 dollar ətrafında qaldığını vurğulayıb.
Eyni zamanda , Vaşinqton başa düşür ki, bazarlar sürətlə dəyişə bilər və Rusiya qiymət məhdudiyyətlərindən yan keçməyə çalışmağa davam edəcək”, o əlavə edib. “Biz neft bazarlarının monitorinqində ayıq-sayıq qalırıq və bütün koalisiya diqqətimizi sanksiyalarımızı həyata keçirməyə cəmləyib”, – deyə Van Nostrand bildirib.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə , 2023-cü ilin iyul ayında Rusiyanın əsas ixrac nefti olan Urals neftinin orta qiyməti bir barel üçün 64,37 dollara çatıb və ilk dəfə olaraq G7 ölkələri tərəfindən müəyyən edilmiş tavanı keçib . Eyni zamanda, bu, ötən iyulun 78,41 dollar/barel göstəricisindən aşağı olaraq qalır. Qeyd olunur ki, ilin əvvəlindən (yanvar-iyulda) orta qiymət 53,94 dollar/barel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azdır.
Rusiya neftinin qiymətinin tavanı 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. Tətbiq edilən məhdudiyyətlər Rusiyadan bir barel üçün 60 dollardan yüksək qiymətə alınan xammalın daşınmasını və sığortalanmasını qadağan edir. Eyni zamanda , Avropa Birliyinin ( AB ) Rusiya neft tədarüklərinə tətbiq etdiyi embarqo qüvvəyə minib.
Nuranə Məmmədova




