İran Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Elchi.az-ın məlumatına görə, görüşdən sonra hər iki rəsmi jurnalistlərin suallarını cavablandırıb.
M.İslami mətbuat konfransında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İrana qarşı qeyri-siyasi və professional davranış sərgiləyəcəyinə ümidvar olduğunu bildirib.
“İran özünün sülhyönlü nüvə proqramının inkişaf etdirmək üçün uzunmüddətli proqrama sahibdir. AEBA öz potensialından İranın sülhyönlü proqramının inkişafını dəstəkləmək üçün maksimum çalışacağına ümid edirik. Proseslər təbii qaydada davam etdirilməlidir. İranın nüvə proqramına dair iddialar həmişəlik bağlanmalıdır. İran və AEBA arasında əldə olunan sazişə əsasən bu gün bəyanat qəbul olunacaq”, – deyə M.İsmali söyləyib.
R.Qrossi jurnalistlərə açıqlamasında deyib ki, İran və AEBA təhlükəsizlik məsələləri ilə bağlı razılıq əldə etməsə, Hərtərəfli Birgə Fəaliyyət Planı haqqında sazişin əldə olunması çətin olacaq.
“İranla AEBA müzakirələri və Vyanada davam edən müzakirələr bir-birinə bağlıdır və hazırda razılaşdırılmamış məsələlərin həlli istiqamətində çalışılır”, – deyən R.Qrossi əlavə edib ki, əməkdaşlıq üçün İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qarşılıqlı anlaşmaya çatması çox önəmlidir.






