
ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatına qarşı mübarizədə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin zəiflik göstərməsi barədə dedikləri ciddi müzakirələrə səbəb olub.
ANS PRESS-in məlumatına görə, G7 zirvəsində çıxışı zamanı Barak Obama bildirmişdi: “Türkiyədən Suriyaya keçən minlərlə döyüşçü İŞİD-i gücləndirir. Türkiyə bu keçidin qarşısını almaq üçün ehtiyac duyulan səviyyədə güc sərf etmir”.
Ağ Ev prezidentin dediyi bu sözlərə şərh verməyə məcbur olmuşdu. ABŞ Dövlət Departamentinin sözçüsü Cef Ratke demişdi: “İŞİD-ə qarşı mübarizənin bütün sahələrində Türkiyə ilə güclü bir əməkdaşlıq aparırıq. Türkiyə bu məsələdə açar rol oynayır”.
Ağ Evin mətbuat xidmətinin başçısı Coş Ernest isə məsələni daha dəqiq şərh edib: “Türkiyənin atdığı bəzi addımlar bu məsələdə uğur qazanmaqda maraqlı olduqlarını göstərir, amma onların daha çox iş görə biləcəklərinə və etməli olduqlarına inanırıq”.



