
Mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Onun ayağında fil xəstəliyi – kəşkin şiş aşkarlanıb. Həmçinin onda sürətli piylənmə gedir. Son günlər aşığın səhhəti daha da pisləşib və artıq yatağından dura bilmir. İki aşyazlı uşaq atası olan aşıq bildirir ki, xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.
Aşığa maddi yardım məqsədi ilə “Facebook”da “Aşıq Azərin müalicəsinə yardım edək” qrupu yaradılıb və onun üçün pul toplanmağa çalışılır.
Musavat.com olaraq biz də aşığı Badamdarda yerləşən evində ziyarət etdik. 3 ildir ki, xəstəlikdən əziyyət çəkən aşıq söhbətə səhhətindəki problemlərdən danışaraq, başladı: “Hazırda durumum pisdir. Çalışdım ki, hər şeyin öhdəsindən özüm gəlim. Ölkədəki və xaricdəki xəstəxanalarda yatmışam. Elə oldu ki, ayağımda şişkinlik əmələ gəldi, onu düzəldə bilmədilər. Şiş bəzən çəkilsə də, sonra yenidən geri qayıdırdı. Artıq ayağımdakı şiş yüksək həddə çatdı. Analizlərdə “Hepatit” çıxdı. Onu da öz gücümə müalicə etdirməyə çalışdım. İndi isə maddi durumum yetərli deyil. Dostlarım qərara gəldilər ki, xəstəliyimi ictimailəşdirək. Siz də çox sağ olun ki, gəlmisiniz. Durumumu ictimailəşdirən xəbər portallarına təşəkkür edirəm”.
– Ötən gün millət vəkili Qənirə Paşayeva sizi ziyarət edib. O, musavat.com saytına açıqlamasında bildirib ki, müayinə olunmaq üçün xəstəxanaya aparılacaqsınız?
– Qənirə xanım baş çəkməyə gəlmişdi, qeydlərini götürdü. İnşallah, yaxşı olar, qismətdir. Fevralın 3-də müayinə olunmaq üçün xəstəxanaya aparılacağam. Müayinədən sonra yəqin ki, xəstəxanaya yerləşdiriləcəyəm.
– Müalicəniz İsraildə mümkündür və bunun üçün 60 min dollar lazımdır. İsraildə müalicənizin mümkün olduğunu sizə yerli, yoxsa xarici həkimlər bildirib?
– Burada İsrailin xəstəxanası var. Bu rəyi onlar veriblər. Məbləğ əldə olunana kimi Bakıda müalicə olunacağam. Gərəkli məbləğ yığılsa, İsrailə göndəriləcəm.
– “Hepatet”dən əziyyət çəkirsiz. Ayağınızda da fil xəstəliyi – kəşkin şiş aşkarlanıb, həmçinin, bədəninizdə sürətli piylənmə gedir. Həkimlər müalicəniz barədə nə deyirlər? Sağalmağınız nə qədər çəkəcək?
– “Hepatit”in müalicəsi 5 il çəkir. Ayağımda fil xəstəliyi var. Müayinədən sonra həkimlər nə qədər müddətə sağalacağımı deyəcəklər. Piylənmənin qarşısını almaq üçün cərrahiyə əməliyyatı olunmalıyam, mədəmi kiçiltməlidirlər. Xəstəliklər bir-birinə qarışdığı üçün həkimlərə də çətinlik yaradır.
– Durumunuzu ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi sizinlə əlaqə saxlayıb?
– Qənirə xanım nazirliyə məlumat verib. Onlar da bildirdilər ki, aşığın durumu ilə maraqlanarıq. İmkan dairəsində bu işlə məşğul olarıq.
– “Facebook” sosial şəbəkəsində sizə yardım məqsədi ilə “Aşıq Azərin müalicəsinə yardım edək” qrupu yaradılıb. Orada aktiv olan xanımla əlaqə saxladıq. O, bildirdi ki, sizin dostunuzdur, sizin adınıza hesab açmaq istəyir, lakin siz ona etibarnamə verməlisiniz. Bəzən insanlar “xeyriyyə məqsədi” adı ilə yardım etmək istəyələri aldadırlar. Ona görə də özünüz hesab açıb, mətbuatda və sosial şəbəkələrdə məlumat versəniz, insanlar doğru ünvana pul köçürərlər…
– Bəli, mənə də deyirlər ki, özüm hesab nömrəsi açım. İnşallah, müayinə üçün xəstəxanaya gedəndə banka gedib, hesab açdıracağam. Ondan sonra bu haqda mətbuata açıqlama verəcəyəm. O zaman yardım etmək istəyən insanlar rahatlıqla ürəklərindən keçən və gücləri çatan məbləği oraya köçürərlər.
– Müalicəniz üçün lazım olan məbləğ böyükdür. Fərdlərin köməkliyi ilə çətinliklə toplanar. Qənirə xanım da bildirib ki, sizə maddi cəhətdən dövlətin, iş adamlarının dəstəyi mütləqdir…
– Dövlətdən, iş adamlarından mənə kömək etməsini istəyirəm. Çünki əl tutmaq Əlidən qalıb. Yenidən səhnələrə qayıtmaq istəyirəm. Hazırda yeriməyə, hətta oturmağa da çətinlik çəkirəm. Hər şey yardım edəcək insanlardan asılıdır. Kömək edənlər sağ olsun. İki azyaşlı övladım var. Evin tək qazanc gətirəni isə mənəm.
– Sənət dostlarınız sizə baş çəkirlərmi?
– Bəzi sənət yoldaşlarım gəlib, səhhətimlə maraqlanırlar. Ünsiyyətim olan çox sənətçi, xalq artisti, aşıq var. Hələ ki, maraqlanan azdır. Gəlsələr də, gəlməsələr də sağ olsunlar.
Qeyd edək ki, Aşıq Azər müsahibədən sonra Bank Respublikada hesab nömrəsi açdırıb. Aşığa yardım etmək istəyən şəxslər üçün həmin nömrəni təqdim edirik:
Bank Respublika kod – 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi – 14040620
Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdə ödəniş etmək mümkündür.
Könül İbrahim,
https://youtu.be/1R_CzkQEAeg



