Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində orta əmək haqqını şəffaf edəcək və kişi və qadın işçilər arasında əmək haqqı fərqini aradan qaldıracaq yeni qaydalar qəbul edib.
Elchi.az xəbər verir ki, Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında kişi və qadın işçilərə “bərabər iş üçün bərabər maaş” verilməsini təmin edən yeni qaydaları ehtiva edən tənzimləmə səs çoxluğu ilə qəbul edilib.
Yeni qaydalar işçilərin maaşlarını müqayisə etmələrini asanlaşdıracaq. Şirkətlər gender maaş boşluqlarını aşkar edən məlumatları açıqlamalıdırlar.
İşçilərin öz iş kateqoriyası üzrə əmək haqqı haqqında məlumat almaq hüququ olacaq, əmək haqqı ilə bağlı məxfilik isə qadağan ediləcək.
Bərabər iş görən kişilər və qadınlar üçün bərabər əmək haqqı prinsipi məcburi tədbirlərlə gücləndiriləcəkdir.
Qaydaya əsasən, işəgötürənlər işçilərinə əmək haqqı və mümkün artımları müəyyən etmək üçün istifadə etdikləri obyektiv və gender baxımından neytral meyarları müəyyən etməli və izah etməli olacaqlar.
Əgər işəgötürənlər əmək haqlarını bildirirlərsə və bu araşdırmada gender ödəniş fərqi 5 faizi keçərsə, əmək haqqının yenidən qiymətləndirilməsi tələb olunacaq.
Üzv dövlətlər qaydaları pozan işəgötürənlərə qarşı effektiv, mütənasib və çəkindirici cəzalar tətbiq etməli olacaq və hüquqların pozulması nəticəsində zərər görən işçi kompensasiya tələb etmək hüququna malik olacaq. Əmək haqqı ilə bağlı məsələlərdə sübut yükü işçidən işəgötürənə keçəcək.
Yeni qaydalar Aİ-yə üzv dövlətlərin rəsmi təsdiqindən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.
AB araşdırmalarına görə, Avropada kişi və qadın işçilər arasında 13 faiz əmək haqqı fərqi var.
Şayəstə




