Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri İsrail-Fələstin münaqişəsi, təhlükəsizlik, müdafiə və nifrət nitqi ilə mübarizə məsələlərini müzakirə etmək üçün bir araya gəlib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyaları keçirilir.
Sammitin ikinci günündə liderlərin Yaxın Şərqdəki son hadisələri dəyərləndirməsi gözlənilir. İsrail-Fələstin münaqişəsi ilə bağlı ortaq mövqe müəyyənləşdirməyə çalışacaq liderlərin Qəzzada təcili təhlükəsizlik və humanitar vəziyyətə toxunacağı nəzərdə tutulur.
Liderlərin qlobal qeyri-sabitlik, strateji rəqabət və təhlükəsizlik təhdidləri qarşısında Aİ-nin təhlükəsizliyini və müdafiəsini necə gücləndirəcəyini müzakirə edəcəyi gözlənilir.
Anti-müsəlman, antisemitizm, irqçilik, dözümsüzlük və ksenofobiya ilə mübarizə çərçivəsində görüləcək işlərin də liderlərin gündəmində olması planlaşdırılır.
Şayəstə Hüseynova






