Avropa İttifaqı (Aİ) Şərqi Yerusəlimdə baş verən gərginlikdən narahatdır.
Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stanonun açıqlamasında qeyd olunub.
Bəyanatda bildirilib ki, Aİ Şərqi Yerusəlimdə və İordan çayının qərb sahilində son gərginlikdən və Əl-Əqsa məscidində baş verən qarşıdurmalardan dərin narahatlıq keçirir.
“Zorakılığa dərhal son qoyulmalıdır. Mülki əhalinin daha çox itkisinin qarşısı alınmalıdır. Müqəddəs yerlərin statusuna tam hörmət edilməlidir. Fələstin və İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlığı vacibdir”, – Peter Stano vurğulayıb.
Bəyanatda qeyd olunub ki, bütün liderlər ekstremistlərə qarşı fəaliyyət göstərməlidirlər: “Aİ bütün tərəfləri gərginliyi azaltma səylərində iştirak etməyə çağırır”.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail polisinin Yerusəlimdəki Məbəd dağı müqəddəs məkanına daxil olmasından sonra toqquşmalar baş verib və həkimlər ən azı 152 fələstinlinin yaralandığını bildiriblər.






