
Türkiyədə hakimiyyətdə olan AKP-nin başqan müşaviri Hüseyn Çelik, baş nazirin müavini Bülənd Arınç və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək arasındakı mübahisəyə münasibət bildirib.
Musavat.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına görə, telekanalda çıxış edən H. Çelik deyib:
“Cənab prezidentimizin bizə öyrətdiyi bir şey var. O, deyirdi ki, öz daxili məsələlərimizi mediada, bazar-dükanda danışmayın. Biz də bu fikirlərə sadiq idik. Amma Melik Gökçəklə Bülənd Arınç arasındakı məsələni də prezident medianın qarşısında açdı. Köynəyin yuxarı düyməsini səhv düymələsəniz, aşağı qədər səhv gəlir.
Cənab Arınç deyə bilərdi ki, Rəcəb Tayyib Ərdoğan bunu ictimaiyyətlə bölüşmək əvəzinə baş nazirə bildirməli idi. Hər halda AKP də mələklərdən ibarət olan bir icma deyil”.
Qeyd edək ki, Melik Gökçəklə Bülənd Arınç arasında bir müddətdir ki, mübahisə yaşanır. M.Gökçək B.Arınçı “paralel dövlət”ə xidmət etməkdə günahlandırıb. B.Arınç isə M.Gökçəkdən bu sözlərinin sübutunu tələb edib.



