Almaniya hökuməti Çin sosial media platforması TikTok-da hesab açdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Federal Hökumət sözçüsü tərəfindən edilən yazılı açıqlamada, Mətbuat və İnformasiya İdarəsinin (BPA) TikTok platformasında açdıqları “@TeamBundeskanzler” hesabından, eləcə də digər sosial media kanallarından gündəlik hökumət işləri ilə bağlı paylaşacağı bildirilib.
Açıqlamada BPA-nın bu hesabla siyasətdən daha çox öyrənən və sosial media vasitəsilə məlumat mübadiləsi aparan vətəndaşlar üçün informasiya dairəsini genişləndirmək istədiyi vurğulanıb.
Xüsusilə gənc istifadəçilərə müraciət etmək üçün açılan TikTok hesabında Federal Kansler Olaf Şolzun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflər də yer alacağı qeyd edilib.
Bəyanatda həmçinin xatırladılıb ki, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Avropa Parlamentinin sədri Roberta Metsola kimi şəxslər bu yaxınlarda öz TikTok kanallarını açıblar.
Almaniya kansleri Şolz X sosial media platformasında TikTok etiketi ilə verdiyi açıqlamada “Mən rəqs etmirəm. Söz verirəm” deyib.
Şayəstə Hüseynova






