Terrorçular qaçaq neftin barelini cəmi 30 dollara satırlar
“The İndependent” qəzeti yazır ki, ABŞ İŞİD-in Suriyada nəzarət etdiyi neft quyularına hava zərbələri endirmək fikrindədir. Bununla Vaşinqton terrorçuları hər gün neftin qaçaq satışından əldə etdiyi 2 milyon dollardan məhrum etmək istəyir. Bu təklifi prezident Obamaadministrasiyasının yüksək rütbəli şəxslərindən biri irəli sürüb.
Bu barədə Londonda səfərdə olan Julieta Valls Noyes məlumat verib. O, Amerika prezidentinin Avropa və Avroasiya məsələləri üzrə sədrinin köməkçisidir.
Qəzet qeyd edir ki, İŞİD dünyanın ən zəngin terror qrupu kimi qəbul olunur. Məhz bu terorçu qrup əlində olan pulun hesabına İraq və Suriyada uzun müddətdir ki, irimiqyaslı hərbi əməliyyatlar keçirə bilir. Xilafət qurmaq iddiası ilə Yaxın Şərqi lərzəyə gətirib. İŞİD ən böyük qəniməti isə Mosul bankından götürüb. Qəfil işğal nəticəsində Mosul bankında olan 430 milyon dollar İŞİD-in əlinə keçmişdi. Neftdən gələn gündəlik gəlir də bu qrupun güclənməsinə və sıralarının genişlənməsinə təkan verir.
Qəzetin məlumatına görə, ABŞ və Avropa Birliyi Ərdoğan hökumətini qaçaq yolla aparılan neft sövdələşmələrinə göz yummaqda ittiham edir. Ancaq rəsmi Ankara bu kimi ittihamları əsasız adlandırır.
Julieta Valls Noyes deyib ki, Amerika bu barbar təşkilatı məhv etmək üçün daha irimiqyaslı əməliyyatlara qərar verib: “Öncə biz onların imkanlarını məhdudlaşdırmalıyıq, daha sonra isə məhv etməliyik”.
O da bildirilib ki, Amerika İŞİD-ın əlində olan neft kəmərini da partladacaq. Neft ixracının İŞİD-ın xeyrinə işləməsinin qarşısı mütləq alınacaq.
Qəzet yazır ki, 3 ay əvvəl İŞİD əl-Ömərdə olan neft quyularını rəqib terrorçu qruplardan birinin əlindən alıb. Bu yataqlar isə Suriyada ən böyük hesab olunur. Oradan gündə 75 min barel neft çıxarılır. Bu neft isə bir bareli 30 dollardan Türkiyəyə ötürülür. Halbuki dünya bazarında neftin bir bareli 85 dollardır…