“Ukrayna-Rusiya qarşıdurması heç kəsə lazım olmayan faciədir”
“Newsweek” Rusiya-Qərb qarşıdurması ilə bağlı problemə fərqli prizmadan yanaşıb: “Ukraynanın qızğın tərəfdarları hesab edirlər ki, əgər kimsə Kiyevin müdafiəsi üçün özünü yandırmaq fikrində deyilsə, deməli o, Rusiyanın casusudur. Ancaq kifayət qədər əsaslar var ki, Vaşinqton Rusiya ilə hərbi qarşıdurmadan kənarda qalsın”.
Qəzet 7 arqument sadalayaraq, öz mövqeyini müdafiə edir:
1. Rusiya nə Serbiyadır, nə İraq, nə Əfqanıstan, nə də ki, Liviya….
“Amerikalılar asan əldə olunan qələbələrə öyrəşiblər. Ancaq Rusiya ilə qarşıdurmada asan qələbə olmayacaq. Moskvanın əlinin altında nüvə silahı ilə bağlı böyük bir arsenal var”.
2. Moskva ortaya Qərbdən daha çox şey qoyub.
“Ukraynanın Moskva üçün əhəmiyyəti Vaşinqton üçün olan əhəmiyyətindən çox-çox üstündür. Ona görə də, Rusiya Ukraynanı əldə saxlamaq üçün ağlasığmaz risklərə gedir”.
3. NATO Amerikanın təhlükəsizliyini qorumalıdır, yoxsa indiki kimi bu alyans başqa ölkələrdəki hadisələrə bu qədər ianə ayırmamalıdır.
“Ukraynanın NATO-ya daxil olması Amerikanın təhlükəsizliyinə ciddi zərbə olacaq. Amerika ilə Rusiyanın hərbi baxımdan üz-üzə durması yaxşı bir şey vəd etmir”.
4. Təhülkəsizliklə bağlı təminat, müttəfiq olaraq üzərimizə götürdüyümüz öhdəlik bəzən konflikti dondurmur, əksinə daha da gücləndirir.
“Birinci Dünya Müharibəsində də məhz belə olmuşdu”.
5. Ağ Evin beynəlxalq siyasəti Amerikanın maraqlarına hesablanmalıdır, başqa ölkələrin maraqları önə verilə bilməz.
“Kiyevi müdafiə edənlərdən bəziləri iddia edirlər ki, Ukrayna müdafiəyə layiqdir, bir vaxtlar Fransa da Amerikanın müstəqillik əldə etməsinə yardım edib. Doğrudur, ancaq o vaxt Fransa əmin idi ki, Amerikanın müstəqilliyinə yardım etməklə İngiltərəni zəiflədir. Moskva ilə müharibə Amerikaya belə bir üstünlük verməyəcək”.
6. İndi Avropanın hərəkət etmək zamanıdır.
“Əgər Ukraynanın geosiyasi baxımdan hər hansı bir önəmi varsa, bu önəm daha çox Avropa üçündür. NATO-nun üzvü olan bir çox ölkələr hərbi gücünü azaldır. İndi avropalı hərbçilərin məsuliyyəti öz üzərinə götürmək məqamıdır”.
7. Ukrayna böhranından çıxış yolu danışıqlar aparmaqla tapıla bilər.
“Rusiya ilə Ukrayna arasındakı böhran heç kimə lazım olmayan faciədir. Nə yaxşı ki, bu qarşıdurma Amerikanın təhlükəsizliyinə elə bir hədə deyil. Buna baxmayaraq, biz də danışıqlara üstünlük verməliyik. Vaşinqton hərbi müstəvidən daha çox, diplomatik müstəviyə üstünlük verməlidir”.