İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
Onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir. Xəsarət alan Mahir Mustafayev, Samir Gözəlov xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
11.00
Prokurorluq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşməsi barədə məlumat yayıb.
Cəbrayıl rayon prokurorluğundan verilən xəbərə görə, iyunun 17-si saat 09 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
10.14
2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə ANAMA-dan bildirilib.
“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – qeyd olunub.






