“Varislər” layihəsində
Lev Qumilyov: iki şairin varisi
Gümüş yüzillik” ifadəsi hər kəsə Anna Axmatova və Nikolay Qumilyovun adlarını xatırladır.
Onlar 1903-cü ilin sonlarında Çarskoye Seloda tanış olurlar və demək olar ki, elə həmin andan da tez-tez görüşməyə başlayırlar: birlikdə konsertə, gənclərin yığışdıqları poetik məclislərə gedirdilər. O vaxt artıq hər ikisi poeziya ilə maraqlanır, çoxlu mütaliə edirdilər. Nikolay Qumilyov Annanın qardaşı Andrey Qorenko ilə dostluq edirdi. Fəqət aşiq olmuş gənc uzun müddət sevgisinə qarşılıq tapa bilmir. Anna onu dost, qardaş, başqa sözlə, sevgilidən başqa hər kəs hesab edirdi. Qumilyov az qala, yeddi il iztirablara, əzab-əziyyətlərə dözməli olur: gah tez-tez görüşür, gah da başqa şəhərlərdən məktublar yazır, şeirlər həsr edirdi. Dəfələrlə intihar həddinə çatıb canına qəsd fikrinə düşür və hər dəfə də sanki ölümün astanasından qayıdır. Növdəti dəfə evlənmək təklifinə “hə” deməyə Annanı nə vadar etmişdi, məlum deyil: nəhayət vulkan kimi od tutub püskürən duyğuları, pərəstişkarının sarsılmaz inadına rəğbət hissi, yoxsa anın kaprizimi?
25 aprel 1910-cu ildə (köhnə tarixlə) Qumilyov və Axmatova Çerniqor quberniyasının kənd kilsələrindən birində kəbin kəsdirirlər. Toy çox sadə keçir, hətta gənclər qohumlarına belə xəbər vermədən yalnız bəzi ən yaxın dostlarını dəvət edirlər.
Onların yeganə övladları Lev 1 oktyabr 1912-ci ildə Çarskoye Seloda dünyaya gəlir. Levin uşaqlıq illəri Tver quberniyasının Bejetski qəzasındakı Slepnyovo malikanəsində, nənəsinin yanında keçib, məktəbə isə Bejetskidə gedib.

Lev Qumilyovun fikrincə, məktəb illəri amansız sınaqdır, çünki şagirdin öyrənməyə məcbur olduğu bir çox fənlər heç bir maraq kəsb etmir. Onunçün tarix və coğrafiya maraqlı olsa da, riyaziyyat və dilləri çətin qavrayırdı, coğrafiyanın saatları isə minimuma endirilmişdi, yəni, qısası, sevimli fənn qalmamışdı. Qumilyov bu elmləri yerli kitabxanalarda çox yayılmış Mayn Rid, Fenimor Kuper, Jül Vern və Cek Londonun romanlarından əxz etməli olur. Hər şeylə maraqlanan yeniyetmə, sadəcə, oxuyub yadda saxlamır, həm də hər şeydə bir qanunauyğunluq arayır, yaşına uyğun olmayan suallarla maraqlanırdı: misalçün: Makedoniyalı İskəndər niyə Hindistana gedib və ya niyə barbarlar Romanı dağıdıblar? Məktəblilər arasında tarixlə maraqlananlar elə də çox deyildi. Levin həmyaşıdları daha çox kinoya getməyə, çayda çimməyə, xizəklə sürüşməyə üstünlük verirdilər, keçmişə aşırı maraq isə yalnız tanışlarda gülüş doğururdu.
Ancaq Lev Qumilyovun bəxti gətirir. Otuzuncu illərdə gənclərin də sevinclə qəbul edildikləri bir çox arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil edilirdi. Alimlərlə birlikdə insanların Firdovsinin dilində danışdıqları tacik qışlaqlarına, Taymır tundralarına, Krımın paleolit mağaralarına, xəzərlərin Sarkel şəhərinin ətrafındakı çöllərə səyahət edərkən Qumilyov tarix üzrə təcrübi biliklərə yiyələnirdi və kitablardan öyrəndiyi kölgəli obrazlar sanki gözləri önündə canlanırdı.
Lev Qumilyov 1934-cü ildə Leninqrad universitetinin tarix fakültəsinə daxil olur və ixtisas olaraq köçəri hun, kuman, türk, uyğur və monqol xalqlarının tarixini seçir. Adı çəkilən xalqların tarixi o dövrdə demək olar ki, tədqiq edilməmişdi. Qumilyov bu etnosların tarixi üzrə ilk mütəxəssis olmaq arzusunda idi. Fəqət o dövrdə bu sahədə elmin dərinliklərinə getmək mümkün deyildi: o dövrdə “gözdən salınmış” iki rus şairinin oğlu sovet dövlətində taleyin “bəxşişlərinə” ümid bəsləyə bilməzdi. Heç bir il oxumamışdı ki, gənc universitetdən xaric edilir və birgə oxuduğu tələbələrin donosuna əsasən “anti-sovet əhvali-ruhiyyəyə” görə həbs olunur. Anna Axmatova Stalinə məktub yazır. Bu dəfə Levi həbsdən məhz bu məktub xilas edə bilir və Qumilyov hətta universitetə də bərpa olunur.
Lev Qumilyov məğrur və təbiətən emosional idi. Xüsusilə də onun yanında atasının adını bədnam niyyətlə çəkəndə alovlanır, qızışıb özündən çıxırdı. 1938-ci ildə mühazirədə, iki yüz tələbənin içində o, Nikolay Qumilyovun şeirlərini və şəxsiyyətini məsxərəyə qoyan və ona həyasızcasına böhtanlar atan professor Pumpyanski ilə qızğın mübahisə edir. Tələbənin “hörmətsizliyindən” hiddətlənən professor münaqişə barədə dekanlığıa məlumat verir. 10 mart 1938-ci ildə Lev Qumilyovu terrorçu tələbələrə rəhbərlikdə ittiham edərək həbsə alırlar. Onu səkkiz gecə dayanmadan döyürlər, bundan sonra Qumilyov hətta heç oxumadan belə etirafnaməyə imza atır. Ona qarşı sürülən ittihamlar içərisində 1921-ci ildə güllələnmiş atasının intiqamını almaq üçün guya anasının onu Jdanovu qətlə yetirməyə təhrik etməsi də var idi.
Leninqrad hərbi dairəsinin Hərbi kollegiyasının qərarı ilə Qumilyov on illik katorqa cəzasına məhkum edilir. Ancaq hələ Yejovun vaxtında prokurorluq hökmü ləğv edir və o, daha da ağırlaşdırmaq üçün yenidən baxılmağa verilir. Qumilyovu güllələnmə gözləyirdi. Ancaq möcüzə nəticəsində qurtula bilir – Lev Nikolayeviçi Belomor-Baltik kanalından Leninqrada köçürənədək Yejovu işdən çıxarırlar, işə isə artıq müttəhimin cəzasının yüngülləşdirilməsi yönündə yanaşırlar. Xüsusi müşavirənin hökmü ilə onu beş il Noriul islah-əmək düşərgəsində həbs cəzasına məhkum edirlər.
Elə ilk gündən Qumilyovun “bəxti gətirir”: onu şaxtaya işləməyə göndərirlər. “Şaxta – meşədən daha yaxşıdır, – Qumilyov durumunu belə şərh edirdi, – bayırda mənfi 39 dərəcə və küləkdir, şaxtada isə mənfi 4 dərəcə və sakitlikdir. Ancaq şaxta adamı çox taqətdən salır”. Bütün həbs müddəti ərzində o, qazmaçı, mədəndə kitab anbardarı, texnik, geoloq (qeotexnik, daha sonra isə qeofiziki qrupun tərkibində), axıra yaxın isə hətta kimyaçı laborant da işləyir. Səhhəti və fiziki hazırlığı çox vaxt Lev Nikolayeviçi pis vəziyyətdə qoyurdu, o, həddən artıq üzülür, əldən düşür, soyuqdan və bir barakı bölüşdüyü dustaqların istehzalarından əziyyət çəkirdi. Ancaq hətta belə çətin şəraitdə belə o, iti düşüncə qabiliyyətini, yumor duyğusunu qoruyub saxlaya bilir: ekspromt şeirlər və həcvlər yazır, ölçücünün briqadanı aldatmamasına və dustaqların qanuni paylarını almasına diqqət edirdi. Bütün bunlarla yanaşı Lev həbsdə olarkən dissertasiya üzərində də işləyirdi. Qumilyov kağızlarına zərər gəlməsin deyə, kürəyinə taxtadaan yəhər düzəldir və yazılarını həmişə özü ilə gəzdirirdi.
Lev Qumilyovun damarlarından böyük şairlərin qanı axırdı. Ancaq o, elm naminə ədəbiyyatdan imtina edir. Qumilyov yazırdı ki, kamerada uzanıb düşünərkən kəşflər edirdi. “Ağlıma bir ideya gələn kimi yerimdən sıçrayır və qışqırırdım: “Evrika!” Bir də ətrafıma boylanıb görürdüm ki, uşaqlar dəliyə baxan kimi mənə baxırlar, onda yenidən yerimə qayıdır və ideyanı beynimdə saf-çürük etməyə başlayırdım”. Onun kitablarının əsasını təşkil edən etnosların passionarlığı fərziyyəsi beləcə yaranmağa başladı və alimin ən başlıca əsərinə çevrildi.
1943-cü ildə cəza müddəti bitəndən sonra Qumilyov oradan çıxmamaq şərtilə Norilskdə qalıb işləyir. Könüllü olaraq cəbhəyə getməyi xahiş edir və 1944-cü ildə arzusu baş tutur – Lev Nikolayeviç I Belorusiya cəbhəsində zenit batareyasında topçu kimi döyüşür, Berlinin alınmasında iştirak edir, lakin mükafat və təltifləri olmur – çox güman ki, siyasi dustaq kimi həbsdə olması öz təsirini bu məsələdə də göstərirdi.
Qumilyov müharibədən sonra universitetə bərpa edilə, daha sonra isə aspiranturaya daxil ola bilir, ancaq tezliklə ÜK(b)P MK-nın Anna Axmatovanın tənqidi görüşlərini işıqlandıran ““Ulduz” və “Leninqrad” jurnalları haqqında” qətnaməsinə əsasən xaric olunur, dissertasiyanı isə yalnız iki il sonra müdafiə edə bilir.
Elmi fəaliyyətindəki qısamüddətli uğurları daima totalitar dövlətin yeni təqib dalğaları ilə əvəzlənirdi: Lev Qumilyov namizədlik dərəcəsinin sevincini dadmağa macal tapmamış yenidən həbs olunur və düşərgəyə göndərilir. Anasının himayəsi bu dəfə kömək etmir və həbs müddəti yeddi il sürür. Alim yalnız 1956-cı ildə işə yenidən baxıldıqda və heç bir cinayət əməli aşkar edilmədikdə azadlığa çıxır.
Lev Qumilyovun yaratdığı etnogenezlərin passionarlığı nəzəriyyəsi tarixi prosesi yaranmaqda olan etnoslarla landşaft, iqlim, geoloji və coğrafi faktorlar və digər etnosların qarşılıqlı təsiri kimi təsvir edir. Əvvəlcə nəzəriyyə nə SSRİ-də, nə də xaricdə qəbul edildi, lakin hazırda Qumilyovun elmi görüşlərini davam və inkişaf etdirən çoxsaylı alimlər ordusu yetişib.
Lev Qumilyov 15 iyun 1992-ci ildə Sankt-Ppeterburqda vəfat edib.
Levdən başqa Nikolay Qumilyovun daha iki övladı olub – ikinci zövcəsi Anna Engelhartdan qızı Yelena və nikahdankənar oğlu Opest Vısotski.
Tərcümə etdi: Təhminə C.



