Azərbaycan neftin qiymətinə görə 400 milyon dollar itirə bilər
“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə rəsmən xitam verilib.
Virtualaz.org-un məlumatına görə, bu barədə ARDNŞ-də bu gün keçirilən mətbuat konfransında şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açıqlama verib.
O bildirib ki, müvafiq əmr 24 dekabrda imzalanıb. “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.
Bu qərar NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes proseslərinin əlavə xərclər tələb etməsi və bunun da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunması ilə bağlı qəbul edilib.
O da vurğulanıb ki, “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq. Amma…
“İxtisarlar qaçılmazdır”
Xalik Məmmədov bildirib ki, “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verərək Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir mərkəzdən idarə etməkdir: “Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır. “Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli, burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik, şəffaflıq təmin ediləcək”. Vitse-prezident əlavə edib ki, ixtisarların “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə aidiyyəti yoxdur.
“Bəzi məmurlar işə öz tanışlarını götürürlər”
Xalik Məmmədov deyib ki, bəzi məmurlar işə öz tanışlarını götürürlər: “Biz bilirik ki, bəzi yerliidarəetmə orqanlarında işləyən məmurlar öz səlahiyyətlərini genişləndirmək üçün öz tanışlarını işə götürməyə çalışırlar”.
O bildirib ki, bunun qarşısını almaq üçün işlər görülür: “Çalışırıq ki, bu cür hallar tamam aradan qaldırılsın. ARDNŞ-də belə halların olması yolverilməzdir”.
Azərbaycan neftin qiymətinə görə 400 milyon dollar itirə bilər
Şirkətin digər vitse-prezidenti Suleyman Qasimov bildirib ki, dünya bazarında neftin qiymətinin düşməsi prosesi Azərbaycanın da gəlirlərinə təsir edir: “Deməzdim ki, neftin ucuzlaşması bizə təsir etməyəcək. Əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gəlirlərimiz cəmi 400 mln. manat civarında azalacaq. Bu, bir o qədər də böyük məbləğ deyil”.
S.Qasımov qeyd edib ki, Azərbaycanda neft hasilatının məsrəfləri orta hesabla hər 1 tona 90-100 dollar təşkil edir, barelə çevirdikdə isə bu, 15 dollara bərabərdir: “Düşünürəm ki, bəzi digər xərclərin stimullaşdırılması yolu ilə problemdən azad ola bilərik”.
SOCAR rəsmisi əlavə edib ki, neftin dünya bazarında ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun da gəlirlərinə təsir edəcək: “Amma çox yox. Bizim yataqlardakı hasilat üzrə payımız müxtəlifdir. Ən böyük payımız 11,6%-dir ki, bu da “Azəri-Çıraq-Günəşli” yatağındadır. İllik bundan 300-400 mln. divident qazanırıq. Maksimum bu, 50% azala bilər”.
Bununla yanaşı S.Qasımov SOCAR-ın beynəlxalq bazarda yeni istiqraz emissiyasına hazırlaşdığını bəyan edib: “Biz 15 illik avrobondlar buraxmağı düşünürük. Əvvəl 5-10 illik buraxdıq. İnvestorlar bunda maraqlıdır. Artıq bəzi aidiyyəti orqanlara təkliflər göndərmişik. İnvestorlar SOCAR-a çox böyük maraq göstərirlər və 5 milyardlıq istiqraz təklifimiz var. Lakin biz 1 milyarddan artıq istiqraz emissiya edə bilmərik”.
Benzin ucuzlaşır?
Süleyman Qasımov benzinin qiyməti məsələsinə də toxunub: “Dövlət qərar qəbul edib qiymətlərin aşağı salınmasını təklif edə bilər. Ancaq benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır. Benzinin qiymətində vergi daha çox yer tutur”.
O bildirib ki, benzin Tarif Şurasının müəyyən etdiyi və tənzimlədiyi qiymətlərlə satılır: “Bizim tənzimlənən qiymətlər qonşu ölkələrlə müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən artıq yüksəkdir. Belə olan halda bizdə benzinin vergisiz qiyməti digər ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin tabeliyində olan məsələ deyil”.



