Cənab prezidentin müşavirədəki çıxışı böyük maraq doğurdu.
Bu sözləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, son müşavirədə təkcə 2017-ci ilin I rübündəki fəaliyyətə qiymət verilmədi, eyni zamanda, cəmiyyəti maraqlandıran bir sıra suallara ayqdınlıq gətirildi:
“Artıq aydın olur ki, Azərbaycan milli valyutası stabilləşir. Həmçinin görülən işlər nəticəsində Azərbaycanın Valyuta Fondu nəinki dağıdılmadı, əksinə, bir rüb ərzində ehtiyatlarını dörd milyard dollara qədər artıra bildi. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində inkişaf yüksək sürətlə gedir. İstənilən ölkədə tikinti sektorunun genişlənməsi iqtisadiyyatın canlanmasından xəbər verir. Sosial evlər bu gün ciddi diqqətdə saxlanılan bir məsələdir və gələcəkdə bu cür evlərin regionlarda da inşasına başlanılacaq”.
A.Mirzəzadənin sözlərinə görə, ölkə rəhbərinin çıxışında xarici siyasət məsələlərinə toxunması, Azərbaycanın öz dövlətçiliyinin qorunması üçün atdığı addımları vurğulaması xüsusi önəm daşıyır:
“Ölkə rəhbərinin çıxışı və verdiyi mesajlar Azərbaycanın qarşısında duran problemləri çox ciddi şəkildə həll etdiyini və gələcəyə dair perspektivli planlar qurduğunu, növbəti dövrdə əsas hədəflərinə çatacağını göstərir”.




