Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə, rusiyalı tərəfinin dəvəti və mütəxsislərinin məsləhəti ilə Moskvaya gedib.
Atambayev Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.
Qeyd edək ki, sentyabrın 20-i Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb.
Xatırladaq ki, sentyabrın 19-u Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.
“Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib”, – deyə sayta yerləşdirilən məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: “Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub”.




