Britaniyanın qurumu tərk etməsi yenidən gündəmə gəlib; Mehman Əliyev: “ABŞ Avropa Birliyinin mövcudluğunda maraqlı deyil…”
İngiltərənin Avropa Birliyindən (AB) çıxması məsələsi yenidən gündəmə gəlib. Artıq hər şey bununla bağlı keçiriləcək referendumda ingilis xalqının iradəsindən asılı olacaq.
Doğrudur, Avropa İttifaqı Şurasının sədri Donald Tusk İngiltərənin hələ də qurumun tərkibində qaldığını bildirib: “Razılaşma əldə olundu. Avropa İttifaqı tərkibindəki Britaniya üçün qərar yekdilliklə qəbul edildi”. Amma bu da heç nəyi dəyişmir.
Çünki məsələ gündəmdə qalmaqda davam edir. Tuskun fikirləri hələ də öz təsdiqini tapmayıb.
Avropa Birliyinin son aylarda yaşadıqları elə də ürəkaçan deyil. Bundan öncə də Avstriya qurumu tərk edəcəyini açıqlamışdı. Ekspertlər hesab edir ki, Böyük Britaniya kimi güclü dövlətin AB-dən çıxmasına digər Avropa dövlətləri imkan verməyəcək. Xüsusilə də ABŞ-ın adı çəkilir. Çünki Amerikanın xarici siyasətindəki əsas müttəfiq ölkələrindən biri İngiltərədir.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev İngiltərənin Avropa İttifaqını tərk edəcəyinə inanmır: “İngiltərənin Avropa Birliyindən çıxacağını zənn etmirəm. Vaxtaşırı bu məsələ Britaniya hökuməti tərəfindən qaldırılıb. Amma sonradan danışıqlar əsasında İngiltərə qurumda qalıb. Bu, bir növ Şotlandiyanın İngiltərənin tərkibindən çıxması məsələsinə bənzəyir. Orada da referendum keçirilib. Lakin sonda Böyük Britaniyanın tərkibində qalması qərarı verilib. Düşünürəm ki, buna bənzər bir şey olacaq. Londonun özü üçün də bu çox vacibdir. Necə ki, Böyük Britaniyanın tərkibində ölkələr var, eləcə də Britaniyanın özü böyük bir qurumun tərkibindədir. Hüquqi əsasda Avropa Birliyini tərk etmək olar. Daxili sabitliyi qorumaq, mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün İngiltərənin Avropa İttifaqında qalması vacibdir. Təbii ki, Britaniya hökumətinin də öz maraqları var. Miqrantlara ayırdığı vəsaitləri dayandıracaqları ilə bağlı İngiltərə hökumətinin açıqlamaları digər ölkələrə təzyiq xarakteri daşıyır. Çünki hazırda miqrantlara ən çox vəsait ayıran ölkələrdən biridir. Açığı, ABŞ Avropa Birliyinin mövcudluğunda və fəaliyyətində maraqlı deyil. Bu baxımdan İngiltərənin bu qurumda qalıb-qalmaması ABŞ üçün maraq kəsb eləmir. Düşünürəm ki, ingilislər də bu mesajı yaxşı başa düşürlər. Amma fikrimcə, İngiltərənin qurumun tərkibində qalmasına səs veriləcək”.
Avropa Birliyinin 28 üzvü var. Avropanın öndə gedən dövlətləri bu nüfuzlu qurumun üzvüdür.