
Avropa Oyunlarının açılış mərasiminə kimlərin qatılacağı sirr kimi saxlanılır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən “Yeni Müsavat”ın sorğusuna verilən cavabda deyilir ki, Avropa Oyunlarının açılış mərasiminə hansı prezidentlərin və yüksək vəzifəli şəxslərin iştirak edəcəyi məxfi saxlanılacaq: “Azərbaycan tarixinin ən mötəbər idman gecəsində xeyli sayda Beynəlxalq Olimpiya Komitəsi üzvünün, xarici dövlət başçılarının, Avropa və digər ölkələrdən çoxsaylı idman nazirlərinin iştirak edəcəyini gözlənilir. Bu, Azərbaycan və Avropa Oyunları üçün böyük nailiyyətdir. İştirak edəcək şəxslərin sayı dünyanın istənilən mötəbər idman tədbiri ilə müqayisə olunacaq səviyyədədir.
Biz bütün qonaqların Azərbaycanda xoş vaxt keçirmələrini və ölkənin qonaqpərvərliyi və dostluğu, eləcə də, Olimpiya Stadionunun füsunkarlığı barədə gözəl xatirələrlə ayrılmalarını təmin edəcəyik. Açılış mərasimi barədə məlumatları gizli saxlayırıq və hər bir azərbaycanlını da bu sirri qorumağa çağırırıq. Biz açılış mərasimini Azərbaycanda və dünyanın müxtəlif yerlərində izləyəcək milyardlarla insanın bu tamaşadan heyrətlənməsini və təsirlənməsini təmin etmək istəyirik”.
Komitədən bildirilir ki, bu səbəbdən də, heç bir ad və yaxud hər hansi detalla bağlı məlumat verilmir: “Heç kimə bu sürprizi məhv etməyə imkan verməyin. Dostlarınıza və ailənizə deyin ki, biz bu sirri saxlayacağıq. Bakıda bir daha ilk Avropa Oyunlarının açılış mərasimi keçirilməyəcək. Beləliklə də biz hamımız, Azərbaycanın həmin gecə diqqət mərkəzində parlamasını təmin etmək üçün birlikdə hər şeyi sirr kimi saxlamalıyıq”.



