Avropa ölkələrində bir müddətdir davam edən dərman təminatı ilə bağlı problemlər bitmək bilmir. Xüsusilə antibiotik, uşaqlar üçün öskürək siropu, qızdırma salan və təzyiq dərmanlarının tapılmasında problem olduğu bildirilir.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Əczaçılıq Qrupunun (PGEU) 14 noyabr-31 dekabr tarixləri arasında Aİ ölkələri, həmçinin Türkiyə, Norveç, Kosovo və Şimali Makedoniya da daxil olmaqla 29 ölkədəki apteklərlə apardığı araşdırmanın nəticəsi nəşr edilib.
Müvafiq olaraq, bu ölkələrin dörddə birində 600-dən çox, beşdə birində isə 300-ə yaxın dərman qıtdır. Avropa ölkələrinin dörddə üçündə apteklərdə dərman çatışmazlığı bir il əvvəlkindən qat-qat pisdir.
Avropa ölkələrinin səhiyyə və tibb üzrə səlahiyyətli orqanlarının məlumatları da əczaçıların bildirişlərini dəstəkləyir.
Məsələn, Belçikada 300-ə yaxın, Almaniyada 408, Avstriyada isə 600-dən çox dərmanın tədarükündə problemlərin olduğu açıqlanıb. İtaliyada isə vəziyyətin daha ciddi olduğu və bəzilərinin eyni formullu müxtəlif dərmanlar olan 3000-dən çox dərmanı tapmağın çox çətin olduğu bildirilib.
Bildirilib ki, Avropada apteklərdən əldə edilməsi ən çətin olan dərmanlar xüsusilə tənəffüs yolu infeksiyalarının müalicəsində istifadə edilən amoksisillin qrupu antibiotiklər, uşaq xəstəliklərinin müalicəsində istifadə edilən öskürək siropları, şərbət şəklində olan parasetamol və bəzi təzyiq dərmanlarıdır.
Avropa ölkələrində mövsümi infeksiyaların, xüsusilə qrip və respirator sinsitial virusun (RSV) erkən başladığı və bu il normaldan daha güclü irəlilədiyi, Strep A-nın səbəb olduğu boğaz infeksiyasının isə uşaqlarda qeyri-adi şəkildə yayıldığı bildirilir.
Mütəxəssislər, bu qış xəstəliklərin artmasına səbəb kimi immunitet sistemlərinin güclənə bilməməsini görürlər. Çünki COVID-19 epidemiyasında uzun müddət dayanmalar səbəbindən gündəlik həyatda normal qəbul edilən müxtəlif viruslar çıxarıla bilmir. Həmçinin, artan infeksiyalar qarşısında dərman istehsalçılarının yüksək tələbata hazır olmadığı, Avropada yaşanan enerji böhranı və artan xammal qiymətlərinin istehsala təsir etdiyi bildirilir.
Yeganə




