
Ağaşirin Tanrıverdioğlu şikayətinə baxılmamasından şikayətlənir; sabiq şöbə müdiri verdiyi anonsları yaxın günlərdə açıqlayacağını deyir
Ağaşirin Tanrıverdioğlu: “Sahibin arxasında duran qüvvələrin anonsunu vermişəm”
“Yeni Müsavat”ın 6 iyul sayında AXCP-dən çıxarılan Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun geniş müsahibəsi dərc olunmuşdu. Müsahibədə sabiq şöbə müdiri partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülməsi ilə bağlı onun ünvanına ağır ittihamlar səsləndirmişdi.
Sahib Kərimli də öz növbəsində facebookda paylaşdığı statusda ittihamlara sərt cavab vermişdi. O, A.Tanrıverdioğludan istifadə edildiyini bildirmişdi:“Heç kim məni əqidəmə və prinsiplərimə xəyanətlə bağlı ittiham edə bilməz! Mənim üzərimdə böyük oyun oynanılır, bu oyunu pozacam.
Qəzetdə səslənən ittihamların, aşağıda sadaladığım iki fakt qarşısında yox olduğunu görməmək yalnız qərəzin əlaməti ola bilər:
1. Ağaşirinlə separat əlaqəyə girmişdimsə, nədən 4 aydır məndən yalvarışla kömək istəyirdi? (Keçən statusumda paylaşdığım mesajları son 4 ayı əhatə edir. ) Belə xarakterli adam niyə məni şantaj etmirdi?
2. Suraxanıdan çıxarılan cəbhəçilərlə bağlı məsələ RH – də müzakirə olunan gün mən səhhətimlə bağlı iclasa gəlmirdim. Həmin gənclərdən biri Cavid Musazadə məndən xahiş etdi ki, rayon şöbəsi məclisinin qərarı var, RH başlayıb, bu qərarın surətini ora çatdırmaq lazımdır. Cavid bəy yəqin ki bu faktı təsdiqləyəcək.
Ağaşirin aylardır “Yeni Müsavat”a müsahibələr verir və partiya rəhbərliyində demək olar ki, hamını hakimiyyətlə əlaqədə ittiham edir. İndi növbə mənə çatıb. Burdan bir daha deyirəm ki, kimin əlində nə faktı var açıqlasın. Bu hakimiyyət görün nə vəziyyətdədir ki, siyasi rəqibləri ilə mübarizədə, rəqib qurumlarda təxribat törətmək üçün Ağaşirindən istifadə edir”.
S.Kərimlinin iddialarına sabiq şöbə müdirinin münasibətini öyrəndik. O, ittihamları əsassız saydı: “Onun dediklərinin hamısı ağ yalandır. Təbii ki, mətbuat olaraq onun fikirlərinə də yer ayırmaq sizlərin işidir. O müsahibəni verməklə özünü təmizə çıxarmaq istəyir. Götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün Sahib hər varianta getməyə hazırdır. Artıq o, ehtimalları doğrultmayıb. Hakimiyyət qarşısında götürdüyü öhdəlikləri həyata keçirə bilməyib. Ortada özündən başqa iki nəfər qalıb. Ağır duruma düşdüyünü özü yaxşı bilir. Sahib birbaşa gedən oyunların içərisindədir. Partiyanı parçalamaq, rəhbər olmaq üçün öhdəlik götürüb. Bu gün onun ağlına bələd olanlar, artıq Sahibin yanında deyillər. Yalnız Rafiq Daşdəmirli və Arzuman Məcidli dayanıblar. Onlar da 3-5 manata görə. Böyük oyunlara girdiklərinə görə, qaça da bilmirlər”.
A.Tanrıverdioğlu Sahib Kərimlinin ona kömək etməsi barədə iddialarına belə cavab verdi: “Bir dəfə Sahibdən kirayə haqqı olaraq, 100 manat kömək istəmişəm. O da 50 manat verib. Kişiliyi-mənliyi varsa, etiraf etsin. O pulların əvəzini ona 10 dəfə qaytarmışam. Sahib həbsdə olanda, Ramiz Kamal şahiddir, hər həftə onun yanına gedilib. Xeyli pullar xərcləmişəm. Heç zaman bunları dilimə gətirməmişəm. Sahibdən fərqli olaraq. Mənim də Sahibə stol açdığım günlər olub. İctimai Palatanın dövründə. Onu təsdiq edə biləcək insanlar var. Kişi elədiyini deməz. Bu, ancaq Sahibə məxsusdur. O nazir, biznesmen deyil. Ağzını açanda deyir ki, hər kəsə kömək edirəm. Mənim də kömək istədiyimi deyir. Bu pullar onda hardandır? Sahib türmədən çıxandan sonra pulu olmayıb. Hamı ona dəstək olub. Birdən-birə pullar haradan çıxdı? Demək ona kənardan dəstək var. Bu gün həbsxanalarda olan müxalifətçilər şər-böhtanla cəza çəkirlər. Sərdar Əlibəyli, Seymur Həzi və başqaları heç nə olmadan həbsə getdilər. Amma Sahib cinayət törədə-törədə azadlıqda gəzir. Niyə? O, buna aydınlıq gətirsin. Camaat cinayət etməyə-etməyə həbsə salınır. Bunlar onu göstərir ki, Sahibin arxasında yüksək çinli məmurlar dayanır. Bunu deməyə mən də əsas var. Prezidentə, DİN və MTN-ə müraciət etmişəm. Sahibin arxasında duran qüvvələrin anonsunu vermişəm. Yaxın günlərdə açıqlayacam. Onun getdiyi əqidə yolu tapşırıqladır. Polislər hadisə yerinə baxış keçiriblər. Amma deyim ki, şikayətimə baxılmır. Bunun da səbəbi Sahibin arxasında duran qüvvələrdir. Cinayətkar çöldədirsə, demək şikayətə baxılmır. Müraciətlərim davam edir. Onun çöldə qalması həyatım üçün təhlükədir. Kimsə zamin dura bilməz ki, Sahib bir daha belə hərəkət etməyəcək. O cəzalanmadıqca, narahat olacam. Cinayətkar cəzasız qalmamalıdır”.