Sənan Nəcəfov: “Bu, öz sözünü açıq deyə bilməyib, kimisə qaralamaq, ləkə vurmaq və ya pərəstiş etdiyi şəxsə dəstək olmaq üçün “ekran pələngləri”nin istifadə etdikləri texnikadır”
AXCP-çilərin sosial şəbəkələrdə saxta profillərdən istifadə etmələri mövzusu yenidən gündəmə gəlib. Belə ki, partiyadan qovulmuş sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bu haqda maraqlı faktlar açıqlayıb və AXCP haqda müxtəlif iddialar irəli sürüb. Deyib ki, cəbhəçilər saxta profillər vasitəsilə partiya sədrinin “like”larını artırırlar: “Saxta profillər kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, onlarla saxta profilləri var. Hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. Çünki 70-80% saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar. Bunlar artıq o işlərdə püxtələşiblər”. Bu cür iddiaların nə dərəcədə mümkün ola biləcəyi, bu variantdan daha çox kimlərin istifadə etdiyi və digər istifadəçilərə nə cür təhlükələr yarana biləcəyi haqda qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovla söhbətləşdik. Sosial şəbəkələrdə kifayət qədər aktiv olan baş redaktor bildirdi ki, ölkədə internetdən istifadə sərbəst olduğu üçün hər kəs belə şəbəkələrdə qeydiyyatdan keçə bilir: “Təəssüf ki, vətəndaşın öz fikrini, sözünü heç bir təsirə məruz qalmadan müstəqil ifadə etməsi imkanından qərəzli istifadə edənlər də mövcuddur. Facebook səhifələrində və bir sıra sosial şəbəkələrdə insanların istək və arzuları ətrafında müvafiq debatlar və dialoqlar olduğu kimi, etik normalara cavab verməyən, daha ciddi desək, təhqir, söyüş, təhdid, şəxsiyyətə toxunma hallarına yol verən naqislər də var. Belələri saxta profil açmaqla, insanların siyasi əqidə və mövqeyinə uyğun olmayan fikirlər yaymaqla tanınmış insanların, siyasilərin, eləcə də şou əhlinin ictimai nüfuzuna zərbə vururlar. Bu, azından həmin şəxsin hüquqlarının pozulmasıdır. Bu cür saxta profil texnikası gözdən salmaq, nüfuza xələl gətirmək üçündür. Digər saxta profil texnikası isə öz sözünü açıq deyə bilməyib, kimisə qaralamaq, ləkə vurmaq və ya pərəstiş etdiyi şəxsə dəstək olmaq üçün “ekran pələngləri”nin istifadə etdikləri texnikadır. Adətən qorxaq olan belələri abstrakt fotonu profil fotosu edib, ixtiyari seçmə ilə ad-soyad götürüb düşürlər Facebook-un canına. Yetənə yetir, yetməyənə daş atırlar”. Müsahibimizin fikrincə, ən pisi siyasi partiya liderlərinin virtualla real dünyanı qarışdırmalarıdır: “Hazırda Əli Kərimlinin Facebook ordusu var və o, öz elektoratını sosial şəbəkə üzərindəki “like”larla ölçür. Acınacaqlı haldır. AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu mətbuata açıqlama verib ki, partiya rəhbərlərinin əksəriyyətinin qarşısında 5-6 kompüter olur və işlərini yalançı profillər üzərində qururlar, bir adamın üzərinə getmək lazım gələndə birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Oxşar açıqlamanı Əli Kərimlinin müavini olmuş və partiyadan istefa vermiş Razi Nurullayev də demişdi. O bildirirdi ki, saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Bu, çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər? Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillərlə sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Təbii ki, bütün bunlar AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət?” S.Nəcəfov onu da dedi ki, bu cür saxtakarlıqlar partiyanın nüfuzunun daha da düşməsinə səbəb olur: “Məsələni qəlizləşdirən bu sahəyə nəzarət edən hər hansı bir ciddi mexanizmin olmamasıdır. Söhbət inzibati cəzadan gedir. Amma fərdi olaraq istənilən bir şəxs adına açılan saxta profili bağlatdıra bilər. Özü Facebook idarə mərkəzinə müraciət edə, dostların şikayətlərindən yararlana bilər. Bildiyiniz kimi, saxtakarlıq, kiminsə saxta profillə təhqir olunması mahiyyətcə kiberqanunsuzluq, kibercinayətdir. Bunun qarşısının alınması isə qəlizdir. Sadə bir misal deyəcəyəm. Bu yaxınlarda Azərbaycanda tanınmış ictimai-siyasi şəxsləri təhqir edən bir səhifənin adminlərindən Facebook şikayət mərkəzinə müraciət etmişdik. Facebbok-un cavabı bu oldu ki, orada yazılanlarda təhqir görmürük. Əgər şikayətiniz varsa, filan-filan ölkədə yaşayan adminlərdən xahiş edin ki, bu foto və yazıları aradan qaldırsınlar. Araşdırma və şikayət bura qədər idi. Yəni ki, bildiyimiz və eşitdiyimiz ikili yanaşma. Facebook davamlı olaraq deyir ki, terror, yanlış informasiya, insana qarşı etnik, irqi ayrı-seçkiliyə, ekstremizmə, separatizmə qarşıdır və belə materialların yayılmasının qarşısını alır. Amma digər tərəfdən bəzi fakt və bilgiləri təhqir kimi qəbul etmir”. |
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...
Sənan Nəcəfov: “Bu, öz sözünü açıq deyə bilməyib, kimisə qaralamaq, ləkə vurmaq və ya pərəstiş etdiyi şəxsə dəstək olmaq üçün “ekran pələngləri”nin istifadə etdikləri texnikadır”



