“Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması bu ölkənin tarixində bir ləkə kimi qalacaq. Doğrusu, Almaniyanın belə bir məsuliyyətsiz addım atacağı heç zaman ağlıma gəlməmişdi. Elə bu xəbəri oxuya-oxuya hoteldən Brüsselin küçələrinə baxıram və elə gözümün önündə bir türk restoranı var. Avropada kifayət qədər mədəni, oxumuş və oturuşmuş türklər var. Almaniyada isə onların sayı 3 milyondan çoxdur. Təbii ki, Türkiyə Almaniya münasibətləri ciddi zərər görəcək. Dolayısı ilə yox, həm də bu hərəkət Azərbaycan- Almaniya münasibətlərinə də təsir göstərəcək”.
Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Budestaqda qondarma erməni soyqırımının qəbuluna münasibət bildirəkən deyib.
Partiya sədrinin sözlərinə görə, bu günə kimi Almaniya Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı sözü dinləniləcək bir ölkə sayılırdı: “Hətta Minsk Qrupunun həmsədr ölkəsi kimi də irəli sürülürdü. Almaniya qondarma erməni soyqırımını tanımaqla Dağlıq Qarabağla bağlı da mövqeyini itirmiş hesab olunur.
Avropa anlamaq istəmir ki, bu çığallıq münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır. 100 il bundan qabaq ölmüş insanların qəbrini qazımaq kimə şərəf gətirir?
Almaniya, ümumiyyətlə isə Avropa Birliyi ölkələri səhv yoldadır. Əgər onlar həqiqət axtarırlarsa, uzağa getməsinlər. Gözlərinin qabağında ermənilərin törətdiyi Xocalı qətliamı var, bir milyona yaxın məcburi qaçqın və köçkün var. Onları görsünlər. Ermənilərin iddia etdiyi qondarma soyqırımın yüz yaşı, Xocalı qətliamının isə cəmi 24 yaşı var. Ədalətli olmaq istəyirsinizsə, Xocalı qətliamını tanıyın və eyni zamanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edin”.




