“Azərbaycanda gender bərabərliyinin təminatında medianın rolunun artırılması yolları”
Müasir Azərbaycanımızda gender problemlərinin artması halları sürətlə çoxalır. Baxmayaraq ki, gender məsələsi çox maraqlı müzakirələrə səbəb ola bilir, eyni zamanda bu sahədə həmişə maraqlı materiallar və yeniliklər olur, amma Kütləvi İnformasiya Vasitələrində bu sahəyə maraq günbəgün azalmağa davam edir. İdarəetmə orqanlarında kişi və qadın iştirakının balanslaşdırılması, qadınların iqtisadi azadlığının təminatı üçün bərabər imkanların yaradılması, şəxsi biznesin inkişafı, xidmət pilləkənində maneəsiz yüksəlmənin təmin edilməsi, ailədə hüquq və məsuliyyətlərin bərabər həyata keçirilməsi üçün şəraitin yaradılması, cinsi zəmində zorakılığın azaldılması və bu zəmində zorakılığın cəmiyyətdə tamamən yox edilməsi sitiqamətində Kütləvi İnformasiya Vasitələrinin və medianın rolu danılmazdır. Məhz bu səbəbdəndə biz bu gün gender bərabərliyinin təminatında KİV-in rolunun artırılması yollarını tapmağa çalışacağıq.
Problemin maraq doğrumamasının səbəbləri:
Çox təəsüf ki, gender problemləri jurnalistlərin yadına ya qadınlar bayramı ərəfəsində, ya da il sonunda qadın QHT-lərin hesabatları yayınlananda düşür. Gender problemlərinin işıqlandırılmasında isə jurnalistlrə bəzən sadəcə faktın kosntatasiyası ilə məşğul olurlar, səbəb axtarmırlar. Bu daha asan və vaxt baxımından qənaətlə başa gəlir. Halbuki KIV gender problemləri daxil olmaqla bir çox məsələlərdə ictimai rəyin formalaşmasında həlledici rol oynamaq potensialına malikdir.
Bəlkə də jurnalistlər problemin yetərincə ağırlığını və ciddiliyin qiymətləndirmirlər. Ya da mövzu üzərində işləmək üçün yetərincə püxtələşmiyiblər və problemi qoymağı bacarmırlar. Səbəb hansıdır?
Gender mövzusu yetərincə genişspektrlidir. Bütün ölkələrdə gender problemi var, hər bir cəmiyyətin üzvləri kişilər və qadınlardır, jurnalistlər kişi və qadın imicini korrekt yaratmalı, maraqların harda toqquşduğunu, problemlərin və konfliktlərin nədən qaynaqlandığını doğru təsvir etməlidir. Günümüzün reallığında isə zamanla yarışan jurnalistlər xəbərin çatdırılması, daha çox informasiya verilməsi marağında olduqları üçün araşdırmalara, problemin təsvirini ətraflı verən yazılara zaman ayırmırlar. Bundan ziyadə jurnalsitlərin gender problemləri ilə bağlı qanunvericiliyi və konvensiyaları bilməməsi də böyük problemdir. Hər xırda məsələdə qanunvericiliyi bilmədiyi üçün ekspertə müracitə etmək məcburiyyətində qalan KİV mənsubları buna zaman ayırmaq istəmirlər. Eyni zamanda jurnalsitlərin media orqaninda geniş araşdırmalara ayrılan qonorar, gündəlik hazırlanan xəbərə ayrılan məbləğdən elədə fərqlənmıdiyi üçün, media mənsubları keyfiyyətə yox, kəmiyyətə üstünlük vermək marağında olurlar.
Jurnalistlərin mövzuya marağı vacibdir
Kütləvi İnformasiya Vasitələrində gender bərabərliyinin qaabardılması məsələsi çox vacibdir, Qadınların vəziyyətinə görə 4-cü Ümümdünya Konfransının (1995) Fəaliyyət Platformasında deyildiyi kimi, “dünyanın hər bir ölkəsində qadınların vəziyyətinə Kütləvi İnformasiya Vasitələrinin daha böyük töhfə vermək potensialı mövcuddur”. Həqiqətəndə KİV hansısa məsələni ciddiyə alaraq, onun işıqlandırılmasını tam məsuliyyəti ilə həyata keçirərsə, o problemin həlli şansları xeyli dərəcədə artmış olur. Yuxarıda qeyd etdiyim Platformada həm də o qeyd olunur ki, “müasir çap və elektron Kütləvi İnformasiya Vasitələri cəmiyyətdə aktiv həyat tərzi sürən qadınların balasnlaşdırılmış obrazını yaratmır və onların dəyişən dünyaya verdiyi sosila töhfəni doğru qiymətləndirmir.” Ki, əslində bu qiymətləndirmə də cəmiyyət üzvlərinə gözəl bir mesaj rolunu oynamaq imkanına malikdir.
Nə etməli?
Burda əsas iş gender problemləri ilə məşğul olan Qeyri Hökümət təşkilatlarının üzərinə düşür. Ümumiyətlə müəyyən problemlərin işıqlandırılmasına jurnalistlərin sistemli yanaşmasına analiz edərkən dünya təcrübəsində ən yaxşı formalardan biri jurnalistlərin şəbəkəsinin qurulması hesab olunur. QHT ətrafında müxtəlif KİV-lərdə çalışan jurnalistlərin şəbəkəsini yaradır və onlarla mütəmadi işləyir, o zaman gender qanunvericiliyi və bu sahədə konvensiyaları yetərincə bilən jurnalistlər qrupu yaranır. Şəbəkənin yaradılması işi iki istiqamətdə aparılmalıdır.
1) gənc jurnalistləri yetişdirmək (hüquqşünas, sosioloq və psixolqların iştirakı ilə gender problemlərinin araşdırılmasını öyrədəcək təlimlərin keçirilməsi)
2) bu sahədə artıq təcrübəsi olan jurnalistlıri şəbəkəsini yaratmaq (şəhər kənarı təlimlər, onların sosial şəbəkələrdə qrupunun yaradılamsı, gender mövzusunda yazılarının paylaşılması, müzakirəsi, hüquqşünas tövsiyəsi)
1. Amma ilk öncə məsələyə diqqəti jurnalistlər deyil, KİV vasitələrinin rəhbərləri səviyyəsində həll etmək lazımdır. Çünki Azərbaycanda mövzu seçiminə bir çox hallarda jurnalistlər deyil, onların redaktorları qərar verirlər. QHT ilə işləyə biləcək KİV-ləri müəyyənləşdimək, onların baş redaktorları və redaktorlarının iştirakı ilə bir neçə günlük təqdimat keçirmək, ölkədə gender problemlərinin hansı səviyyədə olduğunu faktlarla prezentasiya etmək, onların vətəndaş məsuliyyətini və bu işə marağını yaradacaq detalları açıqlamaq zəruridir. Eyni zamanda Media başqanlarını günlük olaraq qəzetlərində qadin qrankasi və ya qadın səhifəsi açmağa təşfiq etmək;
2. Gender media monitorinqi bütün dünyada çox qəbul olunmuş sahə olsa da Azərbaycanda bu heç bir orqan tərəfindən həyata keçirilmir. Gender media monitorinqinin təşkil olunması üçün Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə jurnalsitlrəin mütəmadi ünsiyyətinin təşkil edilməsi.
3. Uzun illər bu sahədə çalışan jurnalistləri bir araya gətirərək Dövlətin qanunvericilik bazasını, o cümlədən Azərbaycan Respublikasının gender bərabərliyi mövzusunda beynəlxalq anlaşmalara görə öhdəliklərini, həmçinin Qadına qarşı dikriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyanı (CEDAW-1979-cu il), Qadına qarşı dikriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyaya fakultətiv protokolunu (1999), Pekin deklarasiyasına və Pekin Fəaliyyət Platformasına əsasən (1995) qadınların hüquq və imkanlarının genişləndirilməsinə dair öhdəlikləri, və qadınlara aid ümumdünya konfranslarının qətnamələrini öyrətmək. Və onlarda bu qanunvericiliyin öyrədilməsində maraq yaratmaq; (layihələr. müsabiqələr, səfərlər vasitəsilə) Bu da indiyə qədər bu sahədə çalışan jurnalsitlərin daha da püxtələşməsinə səbəb olacaq, gender probleminə yanaşmasını dəyişəcək;
4. Yeni jurnalsit qrupunun yetişdirilməsi. Yuxarıda qeyd elədiyim KİV rəhbərləri ilə görüşdə onlardan bu sahədə yetişdirmək üçün gənc jurnalistlərin ayrılmasını istəmək.
• Jurnalistlərə gender ayrımçılığı rakursunda yaranan problemləri təqdim etmək;
• Massmedia müzakirələrinə kişi və qadınların həyat təcrübələrindən örnək gətirməklə onları ümümi cəmiyyət problemlərindən ayırmaq;
• Müxtəlif ictimai tanınmış və ya müxtəlif millətlərdən, yaşlardan və təbəqələrdən olan kişi və qadınların müzakirələrini, dialoqlarını təşkil etmək;
• İnsanlara gender mövzusunda danışmaq şəraiti yaradaraq jurnalistlərə də onların canlı dialoqlarını izləmək imkanı yaratmaq;
5. Köhnə və təzə KİV təmsilçilərinin iki fərqli qrupunu yaratmaqla mövzuya marağın davamlılığın təmin etmək;
6. Onlar arasında da aşağıdakı kimi fərqli gender problemləri ilə işləyən kiçik qruplar yaratmaq;
a) əmək bazarında assimetriya
b) qadın istismarı
v) ailəiçi qətillərdə gender məsələsi
d) ailə üzvləri tərəfindən təcavüz edilən qadınlar
s) məhbus qadınlar
7. Eyni zamanda jurnalistlərlə bu sahədə işləyən vəkillərin, sosioloq, gender mütəxəsislərinin, psixoloqların tanış edilməsi üçün şəbəkə görüşlərini təşkil etmək;
8. Sara Makarayın və Pamela Morinierin redaktorluğu ilə hazırlanan iki hissəli “Gender-etik jurnalistikaya və bu mövzuda mediakompaniyların siyasətinə dair tədris vəsaiti “ni tərcümə edərək jurnalistlərə təqdim etmək. Kitab Xristianların komunikasiyası ümumudünya təşkilatı və Beynəlxalq jurnalistlər Federasiyası tərəfindən hazırlanıb.
Nəticə
Jurnalistlər gender problemi sahəsində qanunvericiliyi yaxşı öyrəndikdən sonra, eyni zamanda bu sahədə tamamilə müxtəlif spektrli mütəxəsis və ekspertlərlə tanış olduqda mövzu onlar üçün daim maraqlı olacaq. Bu sahədə əvvəlki dövrlərdə olduğu kimi təkrarçılığa yol vermədən yeni mövzuların tapıla biləcəyinə əmin olacaqlar. Eyni zamanda da təlimlərdə aşılanacaq vətəndaş məsuliyyəti onların bu sahəyə etinasızlığına son qoyacaq. Və nəhayət ki, dördüncü hakimiyyət gender problemləri sahəsində öz sözünü deyəcək.
Aynur İmranova
P.S. Yazı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsi üçün hazırlanıb.
***
Aynur İmranova – araşdırmaçı jurnalist
Prezident Yanında Dövlət İdarəetmə Akademiyasının bakalavr və magistr məzunudur. Avropa Siyasi Biliklər Məktəbini bitirib. Jurnalist fəaliyyətinə 1994-cü ildən Müxalifət qəzetində başlayıb. Ölkənin müxtəlif media qurumlarında çalışıb. Son illər biznes araşdırmaları ilə məşğuldur. Ölkədə bir çox korrupsiya və rüşvət, məmurların biznes şəbəkələri populyar araşdırmaların müəllifidir. Eyni zamanda, Genderə həssas jurnalistika, Sosial Mediadan uğurlu istifadə, Araşdırmaçı jurnalistika mövzularında təlimçi kimi fəaliyyət göstərir.