Azərbaycanda bəzi kommersiya bankları Rusiya rublunun alışından imtina edib.
Bu barədə musavat.com-a vətəndaşlardan şikayətlər daxil olub. Məlum olduğu kimi, ölkə üzrə valyutadəyişmə məntəqələri ləğv edildiyindən valyuta satışı hazırda bank şöbələri vasitəsilə həyata keçirilir. Banklar isə son günlər rublun alışından imtina edirlər.
Bankların bu addımı atmasının səbəbi nədir?
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu durumun səbəbi rublun dollara qarşı məzənnəsinin həddindən artıq oynaq olması və gün ərzində bir neçə dəfə kəskin dəyişməsi ilə bağlıdır: “Rubl çox oynaq bir valyutadır. “Bloomberg” agentliyinin belə bir maraqlı açıqlaması var ki, rubl son 20 gündə dünyada məzənnəsi ən çox dəyişən valyuta olub. Yəni gündəlik olaraq, rublun məzənnəsi həm arta, həm də azala bilir”.
Ekspert qeyd etdi ki, məhz bu baxımdan banklar rubl alarkən risk etmiş olurlar və məzənnə dəyişikliyində uduzmaqdan çəkinirlər: “Rubl-dollar, rubl-avro münasibətlərində oynaqlıq həddindən artıq yüksək olduğundan banklar rubl almaqdan çəkinirlər. Həftənin birinci günü bir dollar 80 rubla bərabər idisə, bu gün bir dollar 75 rubla bərabərdir. Yəni, bu oynaqlıq həddindən artıq yüksək səviyyədədir. Bankların rubldan imtina etməsinin əsas səbəbi də budur”.




