
Natiq Cəfərli: “Gələn turistlər əllərindəki pulu harada dəyişməsi ilə bağlı problemlər yaşayacaq”; Fazil Mustafa: “Bu, Azərbaycandakı korrupsiyanın qələbəsidir”
Novruz bayramı ilə əlaqədar ölkəmizdə 8 gün iş olmayacaq. Yəni mat ayının 20-28-dək qeyri-iş günləridir. Azərbaycanda Novruz bayramının daha təmtəraqlı və gözəl keçirilməsinə baxmayaraq, bir çox vətəndaşlarımız bu günləri Gürcüstanda keçirməyə üstünlük verir. Hər il Gürcüstana azı 1 milyon azərbaycanlı turist gedir.
Bu ölkəyə yollanan turistlərin sayına görə Azərbaycan ilk üçlüyə daxildir. Əhalisinin sayı 80 milyona çatan Türkiyədən Gürcüstana 1,5 milyon turist gəlir. Azərbaycanın isə hər 9 nəfərindən biri qonşu ölkəni ziyarət edir.
Ümumiyyətlə isə son vaxtlar Azərbaycanın turizm sektoru aşağı səviyyəyə düşüb. Əvvəllər iranlı turistlər Novruz bayramını ölkəmizdə keçirməyə üstünlük verirdilər. İndi isə iranlı turistlərə də rast gəlmək mümkün deyil.
Maraqlıdır, nəyə görə Novruzu ölkəmizdə qeyd etməyə gələnlər yoxdur? Biz nəyə görə Gürcüstana üz tuturuq?
“FlyTravel” turizm şirkətinin direktoru Məmməd Əliyev yerli turistlərin Gürcüstana üz tutmasının səbəbinin ucuzluq olduğunu dedi: “İnsanların Gürcüstana üz tutmasının səbəbi ucuzluqdur. Bizə müraciət edənlər deyirlər ki, Gürcüstanda gedib hansısa yaxşı bir restoranda 5 nəfər oturub yeyib- içirik və bütün bunlara 50 dollar pulumuz çıxır. Bakıda isə 150 dollar çıxır. Yadımdadır ki, neçə illər əvvəl həmişə Novruz bayramı ərəfəsində iranlılar Bakıya gəlir və ev götürürdülər. Küçələrdə iranlılara çox rast gəlinirdi. Hotel tapa bilməyəndə biz onlara ev verirdik. Bir ailə 100 manatdan 3 otaqlı ev götürürdü. İndi isə iranlılara da rast gəlmirik. Çünki gələn iranlıları gömrükdə 5-8 saat saxlayırlar. Bura da gəlib çatanda bahalıq iranlıları Azərbaycandan soyutdu. Həmişə iranlılar Novruz bayramına 15 gün qalmışdan ev, hotel tuturdular ki, gələndə qala bilsinlər. İndi heç biri yoxdur, gəlmirlər. Bunların da ən əsas səbəbi bahalıqdır. Gürcüstanla Azərbaycandakı bir hoteli müqayisə etsəniz görəcəksiniz ki, çox böyük qiymət fərqi var. Həmçinin restoranlarımızda da qiymətlər Gürcüstan restoranları və əyləncə yerləri ilə müqayisədə yarıbayarı bahadır. Ona görə də insanlar burada 500-1000 manat xərcləməkdənsə, gedib orada bu məbləğin yarısı qədər xərcləyir və daha yaxşı istirahət edirlər. Gürcüstandan Azərbaycana gələn turist cibinə 300 dollar qoyub gəlib onu burada bir günə xərcləyirsə, orada iki-üç günə xərcləyir”.

M.Əliyev Azərbaycandakı hotellərlə Gürcüstandakı hotellər arasında yarıbayarı qiymət fərqi olduğunu dedi: “Bizdə ən ucuz hotel ”Araz”dır. İki nəfər üçün 60 dollardır. Gürcüstanın ən məşhur küçəsində üçulduzlu hotel, yemək içməkləri də buradan qat-qat yuxarı olan hotellər 30-40 dollardır. Bu qiymətə turistlər yaxşı əylənir, bayramı daha ucuz qiymətə keçirə bilirlər. Orada benzin bizdən bahadır, amma taksiləri bizim taksilərdən ucuz qiymətə aparır. Bizdə nə qədər ki, qiymətlər bu cürdür turizm heç vaxt inkişaf etməyəcək. İranlıların da hamısı indi Bakıya gəlmir, Dubaya, Gürcüstana, Türkiyəyə gedirlər. Elə bizim təyyarələrimiz də bahadır. Öz maşını ilə gələnlərin də gömrükdə başına elə oyun açırlar ki, bura gələndə ağlayırdılar ki, nahaq gəldik. Bundan əlavə də iranlılar gəlib burada bara-restorana gedəndə başlarına oyun açırlar. Ona görə də gəlmirlər”.

İqtisadçı ekspert Natiq Cəfərli turistlər üçün ən böyük problemlərdən birinin 8 gün bankların işləməməsi olacağını dedi: “Yerli turistlərin bayram ərəfəsində Gürcüstana üz tutmasının bir çox səbəbləri ola bilər. Gürcüstandakı bütün sahələrdə, həm hotellərdə, həm də restoranlarda qiymətlərin ucuz olması, şəhərin özündə maraqlı proqramların olması insanlar üçün müəyyən marşrutların müəyyənləşdirilməsi, tarixi yerlərin ziyarət olunması turistləri cəlb edir. Turist həmişə maraqlı proqramların dalınca qaçır. Azərbaycanda qiymətlər də bahadır. Təyyarə biletlərinin qiyməti bahadır və viza problemi var. Gürcüstan 100-də çox ölkə ilə viza məsələsini ləğv edib. Bu yaxınlarda İran turistlərinin cəlb edilməsini sürətləndirmək üçün bu adımı atdı. Azərbaycanda isə İran turistlərinə də viza tətbiq olunur. Azərbaycanda cəlb olunacaq turistlər üçün son dövrlərdə digər problemlər də meydana çıxıb. Məsələn, bayram günlərində bütün valyutadəyişmə məntəqələri bağlı olacaq. Turist Azərbaycana gələndə manatla yox, öz valyutaları, dollarla gəlir. Onlar öz valyutalarını harada çevirib öz xərcləmələrini edəcəklər? Kartla alış-veriş etməkdə də problemlər var.
Gürcüstanın ən balaca dükanından tutmuş marketlərinə qədər, kiçik kafelərindən tutmuş restoranlarına qədər hər yerdə kartla alış-veriş, ödənişlər etmək mümkündür. Azərbaycanda isə bu problemdir. Bir çox problemlər üst-üstə yığışır və nəticə etibarı ilə azərbaycanlıların özlərinin də bayram günlərini ölkə daxilində yox, xaricdə, çox vaxtda Gürcüstanda keçirir”.

Deputat Fazil Mustafa bildirdi ki, təklif olunan xidmətlər heç kimi qane etməyəndə axın başqa istiqamətə gedir. “Bu, Azərbaycandakı korrupsiyanın qələbəsidir. Çünki birbaşa istər turizm, istərsə də başqa sahə olsun korrupsiyanın səviyyəsi ona imkan verir ki, bu məsələdə insanlar müəyyən dərəcədə öz maddi imkanlarına görə seçim etsinlər. Turizm ilk növbədə xidmət və qiymətlərin bahalığı ilə bağlıdır. Təklif olunan xidmətlər heç kimi qane etməyəndə axın başqa istiqamətə gedir. Ona görə də burada təəccüblü heç nə yoxdur. Bu məsələdə kimisə qınamaq da olmaz. İnsanlar vətənpərvərliklə deyil, ancaq maddi imkanla müəyyən addımlar ata bilərlər. Bu da gözlənilən bir şeydir. Əks halda, bu məsələ başqa cür həll olardı və Azərbaycan daha böyük turizm cəlb edərdi. Təəssüf ki, bunu düşünmədən müəyyən iqtisadi yanlışları davam etdirməyin nəticəsi belə bir vəziyyəti yaradıb. Burada yalnız qiymətlərin aşağı enməsindən söhbət getmir. Bütövlükdə bütün sektorların əhalini cəlb etməsindən gedir. Yolda duran polisdən başlamış gömrük, vergidə daxil olmaqla kiçik strukturlara qədər bu prosesdə üzərinə düşən rolu yerinə yetirməsindən söhbət gedir. Stimullaşdırıcı bir vəziyyət olmayanda adamlar hər hansısa bir şəkildə işləməyə, yaxud da qiyməti aşağı salmağa meylli olmurlar. Ona görə də turist Gürcüstana qaçır”.



