“Bu gün Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Camaatının (European Political Community) sammiti keçiriləcək.
Sammitin əsas mövzusu heç şübhəsiz Rusiya-Ukrayna savaşı və Ukraynanın bir sıra əyalətlərinin Rusiya tərəfindən ilhaqı olacaq.
Rusiya-Ukrayna savaşı Avropanı mavi yanacaqsız qalmaq təhlükəsi ilə üzləşdirib. Bu mövzu da əsas gündəm maddəsi olacaq.
Nəhayət, enerji sorunu Avropa üçün iqtisadi təhdidlər yaradır və bu təhdidlərə qarşı AB ölkələri birgə tədbirlər planlaşdırmalıdır. Bu barədə müzakirələr aparılacaq”.
Elchi.az xəbər verir ki, bu fikirləri AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı FB hesabında qeyd edib:
“Azərbaycan Avropanın qazla təmin olunmasında əsas oyunçulardan biridir və bu üzdən sammitin gündəmindəki məsələlərin həllini tapması üçün Avropa Siyasi Camaatının Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışması təbiidir.
Bizim üçün ən maraqlı məsələ isə təbii ki, Azərbaycan prezidentinin Ermənistinanın Baş naziri Nikol Paşinyanla Fransa və AB Nazirlər Şurasının prezidentılərinin iştirakı ilə görüşüdür. Bu yeni formatdır.
Dünən Nikol Paşinyan Ermənistan parlamentində çıxış edib və “sülh istiqamətində addımlar atacağını” bəyan edərək dünyada Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanındığını vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev də Praqa danışıqları ərəfəsində, dünən Ağdamdan mesajlar verib. Prezident Azərbaycanın irəli sürdüyü tələblərin beynəlxalq hüququnun prinsipləri olduğunu xatırladıb. ATƏT-in Minsk Qrupunun dirçəldilməyəcəyi haqqında konkret mövqeyini bir daha təkrarlayan və Qarabağ erməniləri ilə bağlı heç bir xarici mərkəzlə müzakirə açılmayacağını vurğulayan Prezident Əliyev bildirib ki, Azərbaycan ordusunun hazırkı mövqeləri ölkənin sərhədləri hesab olunur.
Tədbir çərçivəsində Nikol Paşinyanın həmçinin Türkiyə lideri R.T. Ərdoğanla görüşü gözlənilir. Bu da mühüm hadisədir.
Güman etmək olar ki, Praqada Azərbaycan və Ermənistan arasında mümkün Sülh Sazişinin çərçivə prinsipləri müəyyənləşə, bu barədə müəyyən sənəd imzalana, ən azı Birgə Bəyanat verilə bilər.
Əgər Nikol Paşinyan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasa…”.
Yeganə





