Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüş zamanı F. İşık Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğulayan türkiyəli nazir Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını deyib.
”Biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik”, – deyə o vurğulayıb.
Rəcəb Tayib Ərdoğanla dekabrın 1-dəki telefon söhbətini xatırlayan prezident İlham Əliyev isə bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd edib.
Prezident İ. Əliyev R. Ərdoğanın və Ə. Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.



