
Politoloq: “Əlverişsiz sülhdənsə, münaqişənin daha bir müddət həll olunmamış qalması daha sərfəlidir…”
Qarabağ cəbhəsindəki qısamüddətli hərbi toqquşmaları dayandıran Rusiyanın bundan sonra atacağı addımlar çoxlarını maraqlandırır. Bir sıra analitiklər hesab edir ki, əslində rəsmi Moskva münaqişənin mərhələli həllində israr edir və öncə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına erməni tərəfini razı salmağa çalışır.
Professor İlham Rəhimov isə “Yeni Müsavat”a müsahibəsində də demişdi ki, “5+2 formulu” bizim üçün qurulmuş bir “tələ”dir. Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, “5+2 formulu” özlüyündə tələ kimi görünməsə də, tələ bu formulun hansı şərtlər daxilində həyata keçirilməsi məsələsində gizlənə bilər: “Məsələn, ermənilər əvvəlcə qeyd-şərtsiz 5 rayonu qaytarmağa razılıq verərsə, biz Laçın-Kəlbəcər məsələsinə sonrakı mərhələdə baxılmasına və Laçın dəhlizinin tutaq ki, beynəlxalq nəzarətə verilməsi məsələsinin müzakirəsinə razılaşa bilərik. Sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində hüquqi statusu və yerli ermənilərin təhlükəsizliyinə real təminatların verilməsi müzakirə oluna bilər. Lakin Lavrovun açıqlamalarından belə məlum olur ki, Moskva paket həll variantını təklif edir. Yəni belə çıxır ki, 5+2 formulunun əvəzində Dağlıq Qarabağın statusu və təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycandan çox ciddi güzəştlər qoparmaq istəyirlər. Məsələn, 5 rayona, eləcə də sonrakı mərhələdə geri qaytarılacaq Laçın və Kəlbəcərə Azərbaycan ordusunun daxil olması qadağan edilərək Dağlıq Qarabağın inzibati sərhədləri boyunca qeyri-müəyyən müddətə sülhməramlı qüvvələr yerləşdirilə bilər. Sonra da Madrid prinsiplərində nəzərdə tutulan referendum məsələsi həyata keçirilə bilər. Tələ budur. Buna getmək olmaz!”
Ş.Cəfərlinin sözlərinə görə, 2-5 apreldə cəbhədə baş verənlərin başlıca siyasi nəticəsi odur ki, Qarabağ məsələsi ciddi şəkildə dünyanın gündəminə gəldi və problem aktuallaşdı: “1994-cü ildə atəşkəs sazişi imzalandıqdan bəri belə bir hal olmamışdı. Qarabağ məsələsi hər zaman dünya gündəminin ən arxa sıralarında qalan lokal bir münaqişə idi. Atəşkəs rejiminə, bəzi xırda pozuntulara baxmayaraq, ümumən riayət olunması böyük gücləri məmnun edən bir durum idi və ”donmuş” kimi görünən münaqişənin hər an alovlanma riski o qədər də ciddi qəbul edilmirdi. Lakin 5 apreldən sonra hər kəs şahid oldu ki, atəşkəsə təminat verən hər hansı beynəlxalq mexanizmin olmadığı təmas xəttində hərbi əməliyyatların başlaması üçün kiçik bir qığılcım kifayətdir. Eyni zamanda Qərb dövlətlərinə o da bəlli oldu ki, Dağlıq Qarabağ ixtilafı ilk baxışdan lokal kimi görünsə də, müharibənin alovlanacağı təqdirdə, Rusiyanın Ermənistanın tərəfində, Türkiyənin isə Azərbaycanın tərəfində münaqişəyə müdaxiləsi və beləliklə, iri miqyaslı regional müharibənin baş verməsi ehtimalı da var və bunu ciddiyə almaq lazımdır”.

Proseslərin bundan sonra hansı məcrada davam edəcəyinə gəldikdə, politoloq deyir ki, biz 5 apreldən sonra regionun əsas güc mərkəzi olan Rusiyanın da münaqişənin həllinə marağının bariz şəkildə artığını müşahidə edirik, bu da önəmli yenilikdir: “Çünki Moskva son vaxtlara qədər ixtilafın ”donmuş” halda qalmasında maraqlı görünürdü. Rusiyanın yeni yanaşması bir neçə səbəblə əlaqədardır. Əvvəla, Moskva problemin həlli üzrə Minsk prosesinin iflasa uğramasını istəmir. Ona görə ki, sülh prosesinin hazırkı formatı Rusiyanın bu məsələdə dominant rolunu təmin edir. Üç həmsədr əslində formal olaraq eyni hüquqludur, əslində isə Vaşinqton və Parisin də razılığı ilə həll prosesi Moskvanın inhisarında qalır. Minsk prosesinin iflasla nəticələnməsi durumunda Moskva əlindəki bu önəmli siyasi alətdən məhrum olacaq və digər regional və beynəlxalq oyunçuların, xüsusən Türkiyənin bölgəyə müdaxilə və münaqişənin həllinə təsir imkanları artacaq. Rusiya rəhbərliyinin və mediasının son hadisələrdən sonra Türkiyəyə ünvanlanmış tənqidlərini, baş nazir Dmitri Medvedyevin Azərbaycan-Türkiyə qardaşlığını çox gözəl bildiyi halda, Ankaranı Bakının mövqeyini dəstəkləməkdə ittiham etmək kimi ilk baxışdan məntiqsiz görünən davranışını bu kontekstdən dəyərləndirmək lazımdır”.
Ş.Cəfərli Moskvanın son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin xüsusən hərbi sahədə aşkar şəkildə dərinləşməsindən narahatlıq duymağa başladığını da düşünür: “Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin potensialı genişdir və bu potensialın yavaş-yavaş reallaşması Rusiyanın regional maraqlarına təhdid yaradır. Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində hər iki ordunun bərabər hərəkət etmək imkanlarının və koordinasiyasının sınaqdan keçirilməsi ciddi hadisədir. Moskvanın heç bir təminatı yoxdur ki, günün birində bu koordinasiya və bərabərlik Qarabağ cəbhəsində tətbiq olunmayacaq. İkincisi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında Rusiya üçün əlverişli olmayan daha bir perspektiv var ki, bu da Azərbaycanda daimi əsasda Türkiyə hərbi bazasının yaradılması ehtimalından ibarətdir. Bu perspektiv reallaşarsa, Azərbaycan öz təhlükəsizliyinə önəmli təminat qazanmış olacaq, nəticədə ölkəmiz Rusiyanın təsir dairəsindən uzaqlaşaq. Gürcüstanda sonra Azərbaycanın da Rusiyanın təsir dairəsindən çıxması və bölgədə Türkiyənin ağırlığının artması şimal qonşumuzun Cənubi Qafqazdakı mövqelərinə sarsıdıcı zərbə vurmuş olar. Bu səbəblə, Rusiya hazırda münaqişənin həllində maraqlı görünür.
İranın da bu məsələyə baxışı Rusiyanın maraqları ilə üst-üstə düşür. Lakin bu maraq hələ münaqişənin Azərbaycanın maraqlarına uyğun həlli mənasına gəlmir. Rusiya Qarabağla bağlı elə bir plan reallaşdırmaq istəyəcək ki, münaqişə həll olunduqdan sonra da Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlaya bilsin və əlində Azərbaycana qarşı daimi basqı aləti qalsın. Azərbaycan rəhbərliyi danışıqlarda çox ayıq və ehtiyatlı olmalıdır. Əgər Rusiyanın təklifləri bizim gözləntilərimizə cavab vermirsə, münaqişənin daha bir müddət həll olunmamış qalması bizim üçün daha sərfəli variantdır, nəinki əlverişsiz sülh planını qəbul etmək”.



