
Qubad İbadoğlu: “O səviyyəyə gəlmək üçün müəyyən vaxt tələb olunur”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıdakı çıxışında çox maraqlı bir fikir səsləndirib. O bildirib ki, təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər: “Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır”.
N.Nazarbayev deyib ki, Qazaxıstan yeni İpək Yoluna cəlb olunub – Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmir yolu inşa edilib: “Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz – Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni burada çox böyük potensial var”.
İqtisadçı ekspertlər isə Qazaxıstan prezidentinin açıqlamasında qeyd olunan yarım milyard dollar gəliri hazırkı durum üçün real hesab etmirlər.
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu qeyd etdi ki, qısamüddətli dövrdə o qədər rentabelli fəaliyyətə malik olmaq mümkün deyil: “O səviyyəyə gəlmək üçün müəyyən dövr tələb olunur. Mən düşünmürəm ki, Azərbaycan Qazaxıstanın nəqliyyat infrastrukturuna qoşulmaqla hər il bu qədər gəlir əldə edəcək. Bu kifayət qədər böyük məbləğdir. Ancaq bütövlükdə Qazaxıstanla Azərbaycan arasındakı əməkdaşlıq ölkənin nəqliyyat sektorunun gəlirlərinin artmasına gətirib çıxara bilər. Əgər bu əməkdaşlıq davamlı olarsa, bu gəlirlərin artımı baş verə bilər. Ancaq bunun 500 milyon dollara çatması üçün gərək Azərbaycan Qazaxıstan neftinin və bütün ixrac məhsullarının hamısının daşınmasını öz üzərinə götürsün, dünya və Avropa bazarına çatdırmaqla məşğul olsun”.
Qubad İbadoğlu onu da bildirdi ki, Azərbaycanda neft hasilatı azaldığından Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınması onun rentabelliyini artıracaq: “Son məlumatlara görə, Qazaxıstan neftinin də Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınması nəzərdə tutulur. Çünki Azərbaycanda hasilat aşağı düşür. Nəzərə alsaq ki, bir neçə ildən sonra Azərbaycanda hasilat azaldığından bu kəmərin rentabelliyi ilə bağlı problem ola bilər. Ona görə də, Qazaxıstan neftinin bu kəmər vasitəsilə dünya bazarına çıxarılması da Azərbaycan üçün əhəmiyyətli məsələdir. Yükdaşımalara gəldikdə isə ekspert bildirir ki, bunu Bakı-Tiflis-Qars-Axalkalaki dəmir yolu xətti ilə həyata keçirmək mümkündür”.
İqtisadçı ekspert Natiq Cəfərli isə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, hazırda neft daşınmasında Qazaxıstanla əməkdaşlıq mövcuddur: “Qazaxıstan neftinin bir hissəsi Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunurdu. İndi Kaşaqan neftinin nəqli qərarı da Azərbaycana əlavə dividentlər gətirəcək. Buna baxmayaraq, burda böyük məbləğlərdən söhbət getmir. Yükdaşımalarla bağlı isə alternativ yollar fəaliyyət göstərir. Bütün rəqib yollarla gedən yüklərin burdan daşınması üçün Azərbaycan daha çevik və cəlbedici siyasət yürütməlidir. Bu layihələrin gəlirli olması üçün geniş həcmli proqram həyata keçirilməlidir”.
Elchi.az



