Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə müvəqqəti qaytarılmasının dövlət tərəfindən təmin olunması barədə təkliflə çıxış edib. Bu barədə Elchi.az xəbər verir. Partiya Başqanı bildirib ki, Türkiyədəki dəhşətli zəlzələdə evsiz qalmış vətəndaşların müvəqqəti olaraq universitetlərin yataqxanalarında yerləşdiriləcəkləri üçün uzaqdan təhsil sisteminə keçilib.
“Bu vəziyyətdə Azərbaycanlı tələbələrin ölkəmizə qayıdışının dövlət səviyyəsində təmin edilməsi şərtdir. Dövlət rəsmilərinin bu məsələyə biganə qalmamasını, qardaş ölkənin işini bir az asanlaşdırmaq üçün Azərbaycanlı tələbələrin ölkəyə qayıtmasını təmin etməsini rica edirik.
Məsələ ilə bağlı təkliflərimiz belədir: Azərbaycan Hava Yolları (AZAL) şirkəti təyyarə ilə özəl uçuş reysi təşkil etsin və tələbələri ölkəyə gətirsin. 2. Naxçıvan ilə quru yolları açılsın, dövlət hesabına avtobuslar göndərilsin və tələbələr ölkəyə gətirilsin.
3. Azərbaycan hökümətinin belə imkanları yoxdursa, o zaman Türkiyədəki və Azərbaycandakı azərbaycanlı iş adamlarına müraciət edilsin, holdinq və şirkət rəhbərlərinin yardımı ilə onlar bu tələbələrin ölkəyə gətirilməsini təmin etsin”.
Anar Əsədli əlavə edib ki, Türkiyədə minlərlə azərbaycanlı tələbə təhsil alır. Onlardan heç də hamısının ailəsi övladlarını istədikləri vaxt ölkəyə gətirmək imkanına malik deyil: “Təyyarə biletlərinin bahalığını da nəzərə aldıqda, bu, həmin ailələr üçün böyük yükdür. Nəzərə alaq ki, tədris ilinin sonunadək Türkiyədə distant təhsilə qərar verilib. Belə olan halda, tələbələrimizin orada qalması həm ailələri üçün yükdür, həm də onların narahatlğına səbəb olur. Böyük fəlakətlə üzləşmiş Türkiyə dövlətinin bizim tələbələrlə bağlı məsuliyyətini də azaltmaq lazımdır”.
Havar Şəfiyeva






