Xudatda kənd evinin pəncərədəki dəmir barmaqlıqları kəsən oğru otaqdakı dəmir seyfdən otuz min manatlıq qızıl aparıb.
Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oktyabrın 27-də Xaçmaz rayon polis şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edən bir nəfər rayon sakini Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.
Şikayətçi ərizəsində evdə heç kim olmadığı vaxtda pəncərənin dəmir barmaqlığının sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri otuz min manat olan qızıl-zinət əşyalarının oğrulandığı barədə məlumat verib.
RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seymur Qafarzadə hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları tərəfindən dindirilərkən o, hadisəni törətdiyi etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır.




