Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür.
Elchi.az xəbər verir ki, müstəqil Azərbaycanın Konstitusiyası 28 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi:
Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.
Bu il artıq üçüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.






